Image

Azərbaycan-Moldova biznes forumu keçirilib

11 Aprel 2025

Forum çərçivəsində Azərbaycan və Moldova arasında qarşılıqlı investisiya və ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi müzakirə edilib.

Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycanın İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin və Moldova Respublikası Hökumətinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Moldova İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyi və Moldova İnvestisiya Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Moldova biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilərlə yanaşı, kənd təsərrüfatı, qida, yüngül sənaye, kosmetika, tütünçülük və digər sahələri təmsil edən 40 şirkət nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkələrimiz arasında iqtisadi-ticarət sahəsində ortaq fəaliyyət imkanlarını vurğulayaraq, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Nazir aqrar texnologiyalar, ərzaq təhlükəsizliyi və məhsul ixracı sahələrində təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb, bu sektorda tərəfdaşlığın hər iki ölkə üçün qarşılıqlı fayda verəcəyini bildirib.

Moldovanın infrastruktur və regional inkişaf naziri, Baş nazirin müavini Vladimir Bolea iki ölkə arasında münasibətlərin dərinləşdiyini qeyd edib. O, biznes-forumların işgüzar dairələr arasında əlaqələrin qurulması baxımından əhəmiyyətli platforma olduğunu, bu cür tədbirlərin yeni investisiya imkanlarının yaradılmasına şərait yaratdığını, ticarət dövriyyəsinin genişlənməsinə və davamlı iqtisadi əməkdaşlığa töhfə verdiyini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Azərbaycanla Moldova arasında konstruktiv və qarşılıqlı faydalı iqtisadi dialoqun ölkələrimizin ikitərəfli hüquqi bazasının genişlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir müavini işgüzar əlaqələrin gündəliyinin şaxələndirilməsində müxtəlif səviyyələrdə keçirilən görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Biznes forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək Azərbaycanın biznes mühiti, investisiya imkanları və sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat veriblər. Moldova tərəfindən İqtisadiyyat və Rəqəmsallaşma Nazirliyinin Dövlət katibi Viorel Qaraz və Moldova İnvestisiya Agentliyinin direktoru Nataliya Beyan ölkələrinin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlar haqqında danışıblar.

Tədbir çərçivəsində Moldova şərablarının sərgisi təşkil olunub. Forum B2B formatda görüşlərlə davam edib.