25 Aprel 2025
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində nazir müavini əvvəlcə Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin fəaliyyəti ilə tanış olub. Görüşdə laboratoriyaların fəaliyyəti, burada quraşdırılan müasir avadanlıqlar, aparılan analizlər barədə məlumat verilib.
Bildirilib ki, laboratoriyaların müasir texnologiyalarla təchiz edilməsi, torpaq nümunələrinin sürətli və dəqiq analizinin aparılmasına imkan verir. Elçin Zeynalov müasir laboratoriyaların kənd təsərrüfatı sahəsinin inkişafına müsbət təsir göstərəcəyini və istehsal olunan məhsulların keyfiyyətinin yüksəlməsinə xidmət edəcəyini qeyd edib.
Daha sonra nazir müavini Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulmuş ipəkqurdu toxumlarına baxış keçirib. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ənənəvi məşğuliyyət növü olan baramaçılıq və ipəkçiliyin bərpa edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə ötən il Çin Xalq Respublikasından 30 qutu ipəkqurdu toxumu gətirilib. Gətirilən toxumlar Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub, alınan ipəkqurdları kümçülərə əvəzi ödənilmədən paylanılıb.
Bundan başqa, ipək qurdlarının yemə olan tələbatının ödənilməsi məqsədilə yeni tut bağlarının salınmasına başlanılıb. Eyni zamanda, kümçülərin bilik və bacarıqlarının artırılması məqsədilə mütəxəssislərin iştirakı ilə kümçülər üçün təlimlər təşkil olunub, aqrozootexniki tələblərə uyğun kümxanaların hazırlanması ilə bağlı onlara tövsiyələr verilib. Nəticədə 2024-cü ildə muxtar respublika üzrə ümumilikdə 1,1 ton barama istehsal olunub. Cari ildə Naxçıvan Muxtar Respublikasında 40 qutu ipəkqurdu toxumu builki mövsümdə kümçülərə paylanması üçün inkubasiyaya qoyulub. May ayının əvvəllərində inkubasiya prosesi başa çatdıqdan sonra ipəkqurdu toxumları kümçülərə paylanacaq.
Daha sonra nazir müavini Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib. Görüşdə Naxçıvanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə müzakirələr aparılıb.