Image

“Yeni məhsul yetişənə qədər xaricdən heç bir məhsul gətirməsək belə, yetərli həcmdə ehtiyatımız var”

16 Aprel 2020

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə “musavat.com”a müsahibə verib. Mərkəz rəhbəri koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi dövründə və sonrakı müddətdə strateji ərzaq məhsulları ilə təminat məsələsinə aydınlıq gətirib.

 

- Firdovsi müəllim, hazırki durumda ölkədə hansısa məhsulla bağlı qıtlıq gözləntiləri varmı?

- Taxıl əsas strateji məhsuldur və onunla bağlı qıtlıq yoxdur. Əgər yeni məhsul yetişənə qədər xaricdən heç bir məhsul gətirməsək belə, bizim yetərli həcmdə ehtiyatlarımız var. Buna baxmayaraq, biz hər ay lazımi qədər şirkətlərin müqavilələrinə uyğun olaraq idxal edirik. Bundan əlavə, iyul ayından etibarən yeni buğda da yığılıb təhvil veriləcək. Eyni zamanda, qlobal buğda istehsalı ilə bağlı bu mövsümün gözləntiləri də pozitivdir. Prinsipcə, güman etmirik ki, qıtlıq yaşansın. Bizim idxaldan asılı olduğumuz əsas strateji məhsul məhz buğdadır. Bu mənada qlobal vəziyyət də qənaətbəxşdir. Bizim həm daxili istehsalımız, həm də idxal hesabına kifayət qədər ehtiyatlarımız var.

Digər ərzaq məhsulları, kartof, soğan və digər tərəvəzlər bu il ötənilkindən daha çox istehsal olunacaq. Hətta bu məhsulların ixrac həcmlərinin də artacağını gözləyirik.

- Bazardakı qiymətləri necə dəyərləndirirsiniz? Artım müşahidə olunur...

- Ötən mövsümə nəzərən qiymətlər sabitdir. Bazara artıq faraş kartof və soğanın çıxma vaxtıdır. Ona görə də köhnə məhsulun qiymətində ucuzlaşma başlayır. Yeni faraş soğan və kartof bazara çıxmağa başlayıb. Növbəti həftədən bu məhsulların qiyməti daha da aşağı düşəcək. Kələm bu mövsümə ümumiyyətlə aşağı qiymətlərlə başladı. İxracda yaranan məhdudiyyətlə bağlı olaraq bu il istixanalarda yetişdirilən pomidor və xiyarın qiymətləri də ötənilki qiymətlərdən aşağıdır.

- Faraş məhsulun kütləvi bazara çıxma dövrü nə zaman başlayacaq?

- Faraş kartof artıq bazara çıxıb. Sadəcə olaraq ilk partiyalardır. Aprel ayının ortalarından etibarən daha kütləvi olacaq. Eyni zamanda, Bərdənin faraş soğanı bazara çıxan kimi soğanın qiyməti 1.20 manatdan 80 qəpiyə qədər düşüb. Növbəti həftədən daha kütləvi yığım başlayacaq. Günbəgün kütləvilik artır.

- Hava şəraiti bu il hansı məhsullar üçün uğurlu oldu?

- Bu il faraş məhsulun bazara bir neçə gün gec çıxması havaların yağmurlu keçməsi ilə əlaqədar oldu. Ümumilikdə isə havaların quraqlıq keçməsi taxılçılıq üçün ciddi risklər yaradır. Əkin dövründə havaların yağmursuz keçməsi məhsuldarlığa ciddi təsir göstərəcək. Ancaq hər il fermerlər tərəfindən gübrələrin, pestisidlərin istifadəsi genişlənir, keyfiyyətli toxum tətbiq olunur. Buna görə də biz hər il məhsuldarlığın artmasını gözləyirik. Amma quraqlıq səbəbindən taxılın məhsuldarlığında ciddi bir artım olmayacaq.

- Firdovsi müəllim, koronavirusa görə elan olunan karantin yaz əkinlərinə təsir etdimi?

- Hökumət bu məsələ ilə bağlı çevik qərar verdi. Mövsümün başlanğıc nöqtəsində bu məsələlər müzakirə olunanda hökumət yeni təlimat verdi ki, karantin rejimi tələblərini və təhlükəsizlik qaydalarını tətbiq etməklə insanların sahələrdə işləri davam etdirilsin. Sahələrdə sosial məsafəni gözləmək də rahatdır, insanlar ağızlarında hər zaman örtükdən istifadə edirlər. Bu qaydaları gözləməklə insanların kənddən kəndə getməsi, hansısa rayona getməsi, Bakıda yaşayıb rayonda biznesi olanların rayona getməsi – hamısı operativ və idarəolunan şəkildə tənzimləndi. Daxili işlər orqanlarının, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti və digər müvafiq orqanların birgə əməkdaşlığı ilə, təlimatları ilə tənzimləndi. Qərar verildi ki, onların fəaliyyəti davam etdirilməlidir və bu fəaliyyət təmin olundu. Kənd təsərrüfatının bu əkin-biçin dövründə fəaliyyətdə hər hansı dayanma baş vermədi. Rayonlarda bütün gübrə, pestisid və toxum ehtiyatları da təmin olunmuşdu. Həm insanlar hərəkət edə bilir, həm də onların hərəkəti üçün lazım olan resurslar təmin olunub.

- Hazırda fermerlərə yaz əkinləri ilə bağlı hansı dövlət dəstəyi həyata keçirilir?

- Ən böyük dəstək o oldu ki, karantin rejimində hər yerdə qoyulan məhdudiyyətlər istisna olaraq kənd təsərrüfatı sektorunda tətbiq olunmadı. Bu sektorda hərəkətlilik təmin olundu. Subsidiya tədbirləri həmin qaydada davam etdirildi. Texnika təminatı həyata keçirildi. Nisbi olaraq pandemiyanın kənd təsərrüfatına təsirləri demək olar ki, aradan qaldırıldı, fəaliyyət dayanmadı. Bu günlərdə də Cənab Prezidentin tapşırığına uyğun olaraq fermerlərin kredit təminatını yaxşılaşdırmaq üçün dövlət büdcəsindən əlavə 30 milyon güzəştli kreditlər ayrıldı. Bu da fermerlərə, kiçik təsərrüfatlara girovsuz mikrokreditlərin verilməsi üçündür. Söhbət 1000, 3000, 5000 manat civarındakı kreditlərdən gedir. Bu, kreditlərin girovsuz verilməsi mexanizmidir və həmin mexanizmə uyğun olaraq 30 milyon manat ayrıldı.

- Bu tədbirlərin nəticəsi olaraq növbəti il idxalın əvəzlənməsi, asılılığın azalması istiqamətində nə qədər irəliləyiş proqnozlaşdırılır?

- İdxaldan asılı olduğumuz əsas məhsul qrupu var ki, bunlar şəkərin xammalıdır, günəbaxan və qarğıdalı yağının xammalı, çayın xammalı və ərzaqlıq buğdadır. Bu 5 növ məhsul bizim idxaldan ən çox asılı olduğumuz məhsullardır. Biz heyvandarlıq üçün dənləri, qarğıdalı və arpa silosunu tam təmin edirik. Amma yağ üçün olan qarğıdalını, günəbaxan yağı üçün olan xammalı bütünlüklə idxal edirik. Şəkər üçün olan xammalın 11-12 faizini özümüz təmin edirik, 80-90 faizini idxal hesabına təmin edirik. Eynilə, çayçılıq sənayesi üçün xammalın 90 faizi idxal olunur. Ərzaqlıq buğdanın da təqribən yarısını idxal edirik, bu sahədə 40-50 faiz idxaldan asılıyıq.

- Burada dövlət nə edə bilər?

- Hər bir ölkənin iqlim şəraitinin yetişdirməyə imkan verdiyi məhsullar qrupu var. Bizim üçün idxaldan asılı olduğumuz məhsullar arasında ən çox önəmli olan buğdadır. Bu, strateji məhsuldur, çörək ən vacib ərzaqdır. Buna görə də dövlət strateji ehtiyatlarını yaratmaq üçün özəl sahibkarlara güzəştli kreditlər verərək onların vasitəsilə kifayət qədər taxıl elevatorları yaradıb, yetərincə anbarlar var. Təbii şəraitdən asılı olaraq taxıl ehtiyatımızı tam təmin edə bilmədiyimiz üçün idxal hesabına və anbarlardakı ehtiyatlar hesabına öz qida təhlükəsizliyimizi təmin edirik. Eyni zamanda, dövlətin strateji taxıl ehtiyatları var. Yerli istehsalın artması üçün isə dövlət fermerlərin gübrədən istifadəsini, pestisidlərdən istifadəsini və məhsuldarlığın artmasını təşviq edir ki, biz bundan sonra taxıl sahələrində məhsuldarlığın artması hesabına istehsalı artıra bilərik. Hesablamalarımız göstərir ki, növbəti illərdə məhsuldarlığın artırılması hesabına biz idxaldan asılılığı yarıbayarı azalda bilərik. Ancaq bu, növbəti illərdə olacaq obyektiv bir reallıqdır. Bu sənaye deyil ki, dərhal istehsal gücünü artıraq. Dövlətin dərhal edə biləcəyi məsələ taxıl ehtiyatları üçün anbarlar yaratmaqdır və bunu da edir. Həm öz mənbələrimiz, həm də idxal hesabına strateji ehtiyatımızı yaratmışıq, ərzaq təhlükəsizliyimizin stabilliyini təmin etmişik.

- Ölkədə ərzaq qıtlığı olmasa da, koronavirus səbəbindən yarmarkalar bağlanıb və marketlər də meyvə-tərəvəzi baha təklif edir. Bunun qarşısını necə almaq olar?

- Bazarların təchizatında qısamüddətli fasilə yarandı, karantin rejimi təzə tətbiq olunanda bir neçə gün qeyri-müəyyənlik yarandı. O zaman pərakəndə satış obyektlərində, o cümlədən bazarlarda qeyri-müəyyənlik var idi. Ancaq indi bizim müşahidələrimizə görə, həm rayonlarda, həm də Bakıda bazarlar fəaliyyət göstərir, təchizat sistemli şəkildə təmin olunur. Meyvələrin bahalaşmasının səbəbi odur ki, artıq onların yığımından ən azı 6 ay keçir və saxlanma xərci kimi hər ay kiloqrama azı 5 qəpik əlavə olunur. Bundan başqa, vaxt keçdikcə məhsulun həcmi azalır, itki baş verir və bu zaman baha olması normaldır. Kiçik bir partiya məhsul qalır ki, məsələn, aprel ayında kimin könlünə nar düşərsə, yeyə bilsin. Almanın 2 manata olması da təəccüblü deyil, mövsümi dəyişkənlikdir. Ötən il alma-armud daha ucuz idi, bu il də mövsümün sonudur deyə bahalaşıb. Bizim üçün strateji məsələ soğanın və kartofun qiymətinin stabil olmasıdır. Bunu da faraş məhsul hesabına tənzimləyəcəyik: artıq yeni məhsul bazara çıxıb və təminat var.