Image

Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə tanış olub

15 May 2025

Aqrar Tədqiqatlar Mərkəzində Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Qonaqları salamlayan Mərkəz rəhbəri Rəşad Hüseynov qurumun fəaliyyət istiqamətləri, görülən işlər, aparılan tədqiqatlar barədə geniş məlumat verib.

Direktor, həmçinin Mərkəzdə yaradılan məlumat bazaları, bu bazaların kənd təsərrüfatının elektronlaşdırılmasında əhəmiyyəti və ümumilikdə aqrar sahənin inkişafına verdiyi töhfələr haqda danışıb. Eləcə də qonaqlara məlumat bazalarının iş prinsipləri ilə bağlı məlumat verilib.

2015-ci ildən yaradılan, kənd təsərrüfatı məhsullarının sahədənsatış, topdansatış və pərakəndə satış qiymətlərinin toplandığı Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Sistemi olan http://aqrarbazar.az/ portalı qonaqların diqqətini xüsusilə cəlb edib. Nümayəndə heyətinə portalın məqsədi və iş prinsipi ilə bağlı məlumat verilib.

Sonra Somali Federativ Respublikasının kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir çıxış edib, ətraflı məlumat üçün Mərkəz rəhbərliyinə təşəkkürünü çatdırıb.

Nümayəndə heyətinin üzvləri isə maraqlandıqları sahələrlə bağlı suallar veriblər. Qonaqları əsasən dataların toplanması, alternativ məlumat bazalarının yaradılması məsələləri maraqlandırıb.

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər.