15 May 2025
Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynovun moderatorluğu ilə “Müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli” adlı panel müzakirə təşkil edilib.
Əsas məqsədi müasir kənd təsərrüfatının inkişafında aqropark modelinin rolunu və əhəmiyyətini dəyərləndirmək, bu modelin tətbiqində mövcud çağırış və imkanları qiymətləndirməklə tövsiyələri formalaşdırmaq olan müzakirələrdə “Agro Food İnvestments” MMC-nin idarə heyətinin sədri Vahid Novruzov, “AgroDairy” şirkətlər qrupunun icraçı direktoru Ramil Məmmədov, “Azersun Holding”in biznesin inkişafı üzrə direktoru İlham Abdullayev və “Binə Agro” QSC-nin direktoru Adil Süleymanzadə çıxış edib.
Çıxışçılar təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, bu qurumların nəzdində fəaliyyət göstərən aqroparklar barədə iştirakçılara məlumat verib, aqropark modeli haqda fikirlərini bölüşüblər. Həmçinin müzakirələrdə dövlət tərəfindən aqroparkların fəaliyyəti üçün yaradılan şərait və imkanlar haqda danışılıb. Bildirilib ki, aqroparkların yaradılması və inkişafı kənd təsərrüfatının modernləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd yerlərində məşğulluğun artırılması məqsədlərinə nail olunması baxımından böyük potensiala malikdir. Aqropark modeli ölkənin aqrar sektorunda innovasiya yönümlü inkişafın əsas aparıcı mexanizmlərindən biri kimi çıxış edə bilər.
Həmçinin müzakirələrdə aqroparkların potensialından tam istifadə edilməsi yönündə qarşıya çıxan çətinliklər, çatışmazlıqlar, görülməli olan işlər də diqqətə çatdırılıb, bu problemlərin həlli üçün təkliflər səsləndirilib.
Maraqlı müzakirələrin sonunda çıxışçılar iştirakçıların suallarını cavablandırıb.