15 May 2025
Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi davam edir. Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Dövlət naziri Bilal Azhar Kayaninin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün “Caspian Agro 2025” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qonaqlara məlumat verib ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir.
Dörd gün davam edəcək “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllı kənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimi smart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər. Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsi də təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilir.
Pakistanın Dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, aqrar sahəyə dövlət dəstəyi ilə bağlı ətraflı məlumat verilib. Sərgi ziyarətçiləri aqrar sahə ilə bağlı innovativ həllər və nailiyyətlərin nümayiş olunduğu Kənd Təsərrüfatı Nazirliyinə məxsus pavilyonu, müxtəlif ölkələrin milli stendlərini ziyarət edib, yerli və xarici şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.