Image

Azərbaycan və Pakistan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

15 May 2025

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak etmək üçün Azərbaycana gəlmiş Pakistan İslam Respublikasının Dövlət naziri Bilal Azhar Kayaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan və Pakistan aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu məqsədlə mövcud əməkdaşlıq potensialı aqrar sahəyə dair hər bir platformada dəyərləndirilir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Dövlət naziri Bilal Azhar Kayani öz növbəsində Pakistanın Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərinin inkişafına maraq göstərdiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun fəaliyyəti, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, birgə aqrar biznes forumlarının təşkili, hər iki ölkənin sahibkarlarının kənd təsərrüfatı sərgilərində aktiv iştirakının təmin edilməsi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, iqlimə uyğun kənd təsərrüfatı ilə bağlı müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.