17 Aprel 2020
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə AZTV-nin “İqtisadiyyat xəbərləri” verilişinin qonağı olub.
Mərkəz rəhbəri çıxışının əvvəlində 2020-ci ilin 1-ci rübünün yekunları üzrə Azərbaycanda aqrar sahənin vəziyyətini qiymətləndirib. Qeyd edib ki, 1-ci rübdə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ümumilikdə 3,7 faiz artıb: “O cümlədən, bitkiçilikdə artım tempi 13,4 faiz olub. Bu, bizim tərəvəz istehsalımızın ötən illə müqayisədə 16 faizdən çox artması ilə bağlıdır.
Həmçinin heyvandarlıq məhsullarının istehsalında da artım tempi 3,2 faiz olmaqla davam edib.
Tərəvəz istehsalındakı artım bu sahədə ixracımızın da artımını şərtləndirib. Nəticə etibarilə bizim 1-ci rübdə tərəvəz məhsulları ixracımız 55 faiz artıb. Yəni ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 1-ci rübün göstəriciləri müsbət artım dinamikası ilə xarakterizə olunur. Bu dinamikanın ilin sonuna kimi də davam edəcəyi gözlənilir”.
Sonra Fikrətzadə günün aktual mövzusu –koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinin kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə təsiri barədə sualı cavablandırıb: “Bilirsiniz ki, bununla bağlı hökumət operativ qərar qəbul etdi. Aparılan müzakirələrin nəticəsində qərara alındı ki, karantin rejiminin tələblərini gözləmək şərtilə kənd təsərrüfatı məhsulları istehsalçıları fəaliyyətlərini davam etdirə bilərlər. Və bununla bağlı müvafiq təlimat hazırlanaraq tətbiqinə başlandı. Bununla da kənd təsərrüfatı işlərinin bu qızğın dövründə problem özünün müsbət həllini tapdı”.
Mərkəzin direktoru pandemiyanın ümumilikdə kənd təsərrüfatına mənfi təsirlərinə də toxunub, bu təsirlərin minimuma endirilməsi yollarından danışıb.
Eləcə də verilişdə bir sıra aktual mövzulardan bəhs olunub, sual doğuran məqamlara aydınlıq gətirilib.
Verilişin videoyazısını təqdim edirik: