20 May 2025
Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu (ÜŞETİ), Salyan Aqrar Təlim Mərkəzinin əməkdaşları və üzümçü fermerlərin birgə iştirakı ilə “İqlim dəyişmələri fonunda üzümün xəstəlik və zərərvericilərdən qorunması, yaşıl əməliyyatların aparılma qaydaları, bitkinin normal çiçəkləməsi və tozlanma prosesinin təmin edilməsi yolları” mövzusunda tarla seminarı keçirilib.
Salyan Təlim Mərkəzinin direktoru Vüqar Hüseynov hazırda dünyada, o cümlədən ölkəmizdə iqlim dəyişmələri ilə bağlı temperatur və yağıntılar üzrə anomaliyaların daha intensiv xarakter daşıdığını qeyd edib. Bildirib ki, aylar üzrə havanın temperaturunda müşahidə edilən tərəddüdlər, uzun sürən anomal istilər, quraqlıq, soyuq və küləkli havalar torpaqda gedən mikrobioloji, fiziki-kimyəvi proseslərə, o cümlədən bitkilərdə gedən fizioloji, biokimyəvi proseslərə mənfi təsirsiz ötüşmür, hətta bir çox hallarda fəsad törədən stres təsirlər şəkilində büruzə verir.
ÜŞETİ-nin direktoru Vüqar Səlimov üzümün inkişafı, böyüməsi, barverməsi və s. xüsusiyyətlərinin bir canlı orqanizm kimi ətraf mühit amillərindən əhəmiyyətli dərəcədə aslılığından danışıb. Qeyd edib ki, üzümün vegetasiya dövründə ətraf mühit amillərində baş verən dəyişkənliklər onun fenofazalarının gedişinə əhəmiyyətli təsir edir, meydana çıxan ekoloji əsaslı stres amilləri üzümün həyatına təsirsiz keçmir.
Tədbir zamanı İnstitutun əməkdaşları tərəfindən üzümlüklərdə xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilmə texnologiyası əyani şəkildə nümayiş etdirilib. Qeyd olunub ki, zamanında aparılan kompleks mübarizə tədbirləri vaxt itkisinin qarşısını almaqla, optimal müddətdə bir neçə xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizənin tətbiqi üzümlüklərə qulluq xərclərinin aşağı düşməsini təmin edir, digər tərəfdən məhsulun kəmiyyət və keyfiyyətini yaxşılaşdırır. Bu üsulu vaxtında və kompleks şəkildə tətbiq etmək fermerlərin dərmanlara çəkdikləri xərcləri nəzərəçarpacaq dərəcədə azaltmaqla, məhsul itkisinin qarşısını tam alır.
Salyan rayonunda üzümün becərilməsində geniş yayılmış üsullarından biri də çardaq və perqola sistemidir. Görüş zamanı xarici üzüm sortlarından salınmış yeni üzüm bağlarında üzümün çiçəkdən çıxmasını təmin etmək üçün preparatların tətbiqi və yaşıl əməliyyatların aparılması haqqında tövsiyələr verilib.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Elmi - praktik seminarın sonunda fermer və istehsalçılara “Üzümün becərilməsi: budama qaydaları, xəstəlik və zərərvericilərə qarşı mübarizə” kitabı paylanılıb.
Daha sonra fermer təsərrüfat sahələrinə baxış keçirilib. Üzüm bağlarında yarpaqlarda digər rayonlarda rast gəlinməyən bəzi xəstəlik əlamətləri ilə bağlı fermerlərə müvafiq akarisidlər tövsiyə olunub.
Həmçinin üzüm bağlarında zərərvericilərə qarşı səmərəli mübarizənin təşkili üçün feromon tələlər quraşdırılıb. Salxım yarpaqbükəninə qarşı kimyəvi mübarizənin vaxtının təyin edilməsi məqsədilə mütamadi olaraq fermerlərdən məlumat alınması nəzərdə tutulub.