20 May 2025
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli mayın 20-də Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Goranboy rayonu və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, ərzaqlıq buğda ilə bağlı müqavilələrin bağlanması, texnikaların icarəyə verilməsi, baytarlıq xidmətləri ilə təmin olunma və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Azad Cəfərli Goranboy DAİM-in kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Daha sonra Azad Cəfərli rayonun Hacallı kəndində “Blue River” MMC-yə məxsus taxıl və qarğıdalı sahələrinə baş çəkib. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, taxılçılığın inkişafı, qarğıdalı sahələrinin mövcud vəziyyəti və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.