21 May 2025
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov mayın 20-də Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ucar rayonu və Bakı şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin subsidiyası, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması, torpağın münbitləşdirilməsinə dəstək və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir müavini vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaş qəbulu başa çatdıqdan sonra Nazir müavini Sarvan Cəfərov Ucar DAİM-in kollektivi ilə görüşüb, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və yeniliklər, iş prosesinin təşkili, əkinlərin bəyanı prosesi ilə maraqlanıb, öz tövsiyə və tapşırıqlarını verib.
Qəbuldan sonra nazir müavini Sarvan Cəfərov rayonun Küçəkənd kəndində fərdi təsərrüfatçı Əhmədov Famil Kamandar oğluna məxsus taxıl sahələrinə və Təzə Şilyan kəndində Məmmədov Məzahir Həmzə oğluna məxsus ”Murrah” damazlıq camışçılıq təsərrüfatına baxış keçirib, fermerlərlə görüşüb. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, çoxillik əkinlərə verilən birdəfəlik əkin subsidiyası, heyvandarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, aqrar sahənin inkişafı istiqamətində dövlət tərəfindən görülən stimullaşdırıcı tədbirlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.