02 İyun 2025
Respublikanın müxtəlif bölgələrində hava şəraitindən asılı olaraq üzümçülük təsərrüfatlarında yaşıl əməliyyatla bağlı tədbirlər həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları tərəfindən “Ulu Aqro” MMC-nin Qax AqroPark fermer təsərrüfat sahəsində “Yaşıl əməliyyat məhsuldarlığın və məhsulun keyfiyyətinin formalaşmasında mühüm rol oynayır” adlı tarla seminarı keçirilib. Seminar zamanı ÜŞETİ-nin direktoru Vüqar Səlimov üzümçülükdə yaşıl əməliyyatların bir neçə mərhələdə aparıldığını vurğulayıb.
Bildirilib ki, yaşıl əməliyyatlar bölgənin və sortun xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Hazırda respublikanın əksər üzümlüklərində (düzən ərazilərdə) çiçəkləmə başa çatmış, gilələrin formalaşması mərhələsi başlamışdır. Bu mərhələdə ikinci bicvurma, yarpaq alma, yaxud yarpaq qoparma və yaşıl zoğların bağlanması həyata keçirilir. Daha sonra qeyd edilib ki, bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir. Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparılması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək salxımının qoparılması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir. Təlimçi təsərrüfat sahəsində bu əməliyyat vasitəsilə tənəyin düzgün formalaşdırılması, həmçinin havalanmanın yaxşı getməsi və yarpaqların yaxşı işıqlandırılması üçün zoğların eyni səviyyədə yerləşməsinin necə təmin olunması prosesini əyani şəkildə göstərib. Məhz buna na görə yaşıl zoğların qoparılması quru budamanı tamamlayır, bəzi hallarda isə quru budama zamanı buraxılmış nöqsanları aradan qaldırılır. Tənəklər üçün lazımsız olan yaşıl zoğlar onların böyüməsinin başlanğıcında aparılır. Bu dövrdə onlar əl ilə asan qoparılır və tənəkdə yara əmələ gətirmir. Azərbaycan şəraitində tənəkdə olan artıq yaşıl zoğların qoparılması işini iki-üç dəfə aparmaq lazımdır. Birinci qoparılma tənəyin gövdəsində və çoxillik zoğların üzərində yaşıl zoğların uzunluğu 10-12 santimetrə çatdıqdan sonra aparılır. İkinci qoparılma isə əvəzedici çiliklər və bar zoğları üzərindəki yaşıl zoğlarda çiçək qrupları aydın seçiləndə, yəni barlı zoğları məhsulsuz zoğlardan ayırmaq mümkün olduğu zaman aparılır. Zoğların üçüncü qoparılması isə çiçəkləməyə qədər bicvurma əməliyyatı ilə eyni vaxtda aparılmalıdır.