30 İyun 2025
Aqrar Tədqiqatlar Mərkəzinin elmi katibi, iqtisad üzrə elmlər doktoru Akif Həmzə oğlu Vəliyev professor elmi adına layiq görülüb. Ali Attestasiya Komissiyasının iyunun 25-də keçirilən iclasında A. Vəliyevə “Professor Attestatı” təqdim edilib. Attestatda qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 20.06.2025-ci il tarixli Qərarı ilə Akif Həmzə oğlu Vəliyevə elmi fəaliyyətinə görə iqtisad elmləri elm sahəsinin 5312.01 – Sahə iqtisadiyyatı ixtisası üzrə professor elmi adı verilmişdir”.
Yüksək elmi ada layiq görülməsi münasibətlə Akif müəllimi Aqrar Tədqiqatlar Mərkəzinin rəhbərliyi və kollektivi adından təbrik edir, səmərəli elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.
Akif Vəliyev 1981-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi alıb. 1991-ci ildə dosent elmi adına layiq görülüb.
1992-1997-ci illərdə Azərbaycan Dövlət Torpaq Komitəsində əvvəlcə sədr müavini, sonra sədrin birinci müavini, eyni zamanda sədrəvəzi işləyib.
1998-ci ildən 2018-ci ilin may ayına kimi Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş elmi işçi, şöbə müdiri və elmi katib vəzifələrində çalışıb.
2016-cı ildə doktorluq dissertasiyası müdafiə edib, iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2018-ci ilin iyul ayından Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin Doktorantura və elmi-təşkilati işlər bölməsində baş mütəxəssis, 2019-cu ilin fevral ayından bölmə rəhbəri, 2021-ci ildən isə Mərkəzin elmi katibi vəzifəsində çalışır.
150-dən çox elmi əsəri nüfuzlu beynəlxalq və yerli elmi məcmuələrdə dərc olunub, 2 kitabça, 3 bülleten və 2 metodiki göstərişi çap edilib. 3 elmi kitabın, 1 kollektiv monoqrafiyanın müəllifidir.