Image

COVID-19-un qida təhlükəsizliyinə və qidalanmaya təsiri

24 İyul 2020

COVID-19 bütün dünyada milyonlarla insanın ərzaq təhlükəsizliyini təhdid edən səhiyyə və insanlıq böhranıdır. Uzunmüddətli dövrdə genişmiqyaslı koordinasiyalı fəaliyyət aparılmasa, COVID-19-un, həmçinin onun təsirlərinin yumşaldılması məqsədilə həyata keçirilən tədbirlərin və baş verən qlobal geriləmənin təsiri cəmlənərək mövcud ərzaq sistemlərini sıradan çıxara bilər.

Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan “COVID-19-un qida təhlükəsizliyinə və qidalanmaya təsiri” adlı siyasət icmalında deyilir.

Sənədə görə, belə bir şəraitdə tələb olunan cavab reaksiyası COVID-19-un təsirlərinin yumşaldılması və ərzaq sistemlərinin hamının sağlam qidalanmasını təmin edəcək şəkildə yenidən formalaşdırılması üçün sektorlar və sərhədlər üzrə birgə fəaliyyət göstərmək, həmçinin ərzaq istehsalı və istehlakını dayanıqlı inkişaf prinsiplərinə uyğunlaşdırmaqdır.

İcmalda o da deyilir ki, COVID-19-un nəticələrinin yumşaldılması üçün görülən tədbirlər artıq qlobal ərzaq təchizatı zəncirinə öz təsirini göstərməkdədir. Misal üçün, sərhədlərdə məhdudiyyətlər və lokdaunlar dünyanın bəzi yerlərində məhsul yığımını yavaşıdır, milyonlarla mövsümi işçini qazancdan məhrum edir, həmçinin ərzağın bazarlara nəql edilməsini məhdudlaşdırır. Bir çox ölkələrdə ət emalı yerləri və ərzaq bazarları işçilərin virusa yoluxması hallarının ciddi şəkildə artması səbəbindən məcburi şəkildə bağlanıb. Təchizat zəncirinin pozulması və istehlakçı tələbinin azalması ilə əlaqədar fermerlər tez xarabolan məhsulları basdırır, südü isə atırlar. Bunun nəticəsində şəhər mərkəzlərindəki bir çox insan təzə meyvə və tərəvəz, süd və süd məhsulları, ət və balıq məhsulları əldə etməkdə çətinlik çəkir.

Əsas qlobal taxıl məhsulları bazarları isə hələ ki, dayanıqlılıq nümayiş etdirir, 2019-cu ildə məhsul yığımı yaxşı olduğundan əksər ərzaq məhsulları üzrə ehtiyatlar lazımi səviyyədədir. Buna baxmayaraq, dünya əhalisinin böyük əksəriyyəti öz ərzağını yerli bazarlardan əldə edir, buna görə də ərzaq təhlükəsizliyi məsələsi pozulma hallarına qarşı yüksək dərəcədə həssas olaraq qalır. Yüksək işsizlik səviyyəsi, gəlir itkiləri və ərzaq istehsalı xərclərinin artması da bir çoxları üçün ərzağa çıxışı çətinləşdirir. Bir sıra ölkələrdə insanların gəliri azaldığı halda əsas ərzaq məhsullarının qiyməti artıb.

Pandemiya başlamazdan öncə dünya üzrə xroniki ərzaq təhlükəsi (chronically food insecure) altında yaşayan insanların sayı təxminən 820 milyon nəfər qiymətləndirilirdi. Son məlumatlar göstərir ki, hazırda 135 milyon insan böhran səviyyəsində və hətta bundan da aşağı səviyyədə yaşayır. Bu ilin sonuna isə bu insanların sayının iki dəfəyə qədər artacağı proqnozlaşdırılır.

Sənəddə qeyd olunur ki, ərzaq sisteminin bütün oyunçuları pandemiyanın təsirinə məruz qalıb. COVID-19-la bağlı dərin iqtisadi şok (məhdudlaşdırılmış istehsal həcmi, bazara məhdud çıxış, pul köçürmələrindəki itkilər, işsizlik və gözlənilməz tibbi xərclər) kiçik və orta ölçülü kənd təsərrüfatı istehsalçılarından tutmuş, maliyyə institutlarına qədər bütün oyunçuların nağd pul axınlarına və maliyyə likvidliklərinə təsir göstərəcək. Bu baxımdan, insanlara ərzaq yardımı göstərməklə yanaşı, ərzaq sisteminin oyunçuları da diqqət mərkəzində saxlanmalıdır. Həssas müəssisə və ev təsərrüfatlarının likvidlik problemlərinin yumşaldılması istehsal prosesinin fasiləsizliyinin və insanların ərzağa adekvat əlçatanlığının təmin edilməsi baxımından önəmlidir. Ancaq bütün tədbirlər yerli şəraitə uyğun olaraq həyata keçirilməlidir: ərzaq təchizatı ilə bağlı bir çox problemləri təkcə sosial müdafiə yolu ilə həll etmək olmur. Dövlət tədarükatı və ictimai bölüşdürmə (public distrubution) ərzaq sisteminin fəaliyyətinin təmin edilməsinin və ərzaq məhsullarının qiymətlərinin inflyasiyasının qarşısının alınmasının mühüm vasitəsi kimi nəzərdən keçirilə bilər. Sosial müdafiə dünya üzrə sayı 2 milyarddan çox olan, ən kasıb və ən həssas əhali qrupu kimi çıxış edən kiçik fermerləri və onların ailələrini, eləcə də bütün sektorlarda ərzaq işçilərini (food workers) əhatə etməlidir. Buna görə də inkişaf etməkdə olan ölkələrdə ərzağa əlçatanlığın artırılması və likvidlik probleminin həll edilməsi baxımından beynəlxalq maliyyə fondlarının sürətlə səfərbər edilməsi həlledici əhəmiyyətə malikdir. Bunları nəzərə alaraq BMT-nin Baş katibi inkişaf etməkdə olan (əsasən iqtisadiyyatları xammaldan və turizmdən asılı olan ölkələr) ölkələrdə borcların restrukturizasiyası təklifi ilə də çıxış edib.

Bundan başqa, pandemiya ərzaq təhlükəsizliyinin və ərzaq sisteminin onsuz da gərgin olduğu dövrdə (münaqişələr, təbii fəlakətlər, iqlim dəyişiklikləri və zərərvericilərin transkontinental miqyasda yayılması) meydana çıxıb.

Siyasət sənədində insanların böhran dövründə və ondan sonrakı dövrlərdə qorunması, nəticə etibarilə ərzaq sistemlərinin yenidən formalaşdırılması və dayanıqlı sistemlərin qurulması üçün 3 istiqamətdə müştərək fəaliyyətlər paketi irəli sürülür.

Birincisi, insanların həyatlarını və dolanışıq mənbələrini qorumaq üçün səfərbər olmaq və diqqəti riskin ən kəskin olduğu yerlər üzərində cəmləşdirmək:

- Kritik humanitar ərzaq, dolanışıq və qida yardımlarını davam etdirmək;

- Ərzaq istehsalı, marketinqi və bölüşdürülməsini hər yerdə ən əsas xidmət kimi elan etmək, bu sahədə işçiləri qorumaq, ölkə daxilində və ölkələr arasında ticarət dəhlizlərini açıq saxlamaq;

- Real vaxta yaxın rejimdə fəaliyyət göstərən ərzaq monitorinqi sistemlərini genişləndirmək;

- Yardım və stimullaşdırma paketlərinin ən həssas kütlələrə çatmasını təmin etmək.

 

İkincisi, qidalanma üzrə sosial müdafiə sistemlərini gücləndirmək:

- Ərzaq və qida yardımını sosial müdafiə proqramlarının mərkəzi məsələsinə çevirmək;

- Səhiyyə sisteminin qidalanmaya dəstək sistemləri ilə əlaqəliliyini gücləndirmək;

- Ən həssas əhali qruplarını, o cümlədən ev təsərrüfatlarında əsas rol oynayan qadınları müdafiə etmək;

- Qidalanmaya fokuslanan sosial müdafiə proqramları işləyib hazırlamaq.

 

Üçüncüsü, dayanıqlı gələcəyə investisiya etmək:

- Ərzaq sistemlərini təbiət və iqlimlə daha yaxşı əlaqələndirmək üçün transformasiya etmək;

- Daha inklüziv, yaşıl və dayanıqlı bərpanın təməlini qoymaq;

- Baş katiblik tərəfindən 2021-ci ildə keçiriləcək “FOOD SYSTEMS SUMMIT”-in imkanlarından istifadə etmək.

 

Xülasənin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://www.un.org/sites/un2.un.org/files/sg_policy_brief_on_covid_impact_on_food_security.pdf