Yeniliklər | Aqrar Tədqiqatlar Mərkəzi
Image

OECD-FAO Agricultural Outlook 2020-2029

27 İyul 2020

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə 2020-2029-cu illər üçün kənd təsərrüfatının perspektivinə dair “OECD-FAO Agricultural Outlook 2020-2029” adlı proqnoz hazırlayıb. Sənəddə kənd təsərrüfatı məhsulları bazarları üçün milli, regional və qlobal səviyyələrdə ortamüddətli perspektivlər və COVID-19 pandemiyasının təsirini qiymətləndirən inkişaf ssenarisi təqdim edilir.

İlkin təhlillər göstərir ki, 2020-ci ildə müşahidə edilən kəskin aşağı iqtisadi artım, ən azından, qısamüddətli dövrdə kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Əgər COVID-19-un qarşısının alınması tədbirləri effektiv olsa və qlobal iqtisadiyyat 2021-ci ildə bərpa olunmağa başlasa, kənd təsərrüfatı məhsullarına tələb və qiymətlər baza şərtləri səviyyəsinə ancaq növbəti illərdə çatacaq. Dünya iqtisadi artımının illik 3.4% olacağı və beynəlxalq ticarət sistemində ciddi pozuntuların olmayacağı təqdirdə qarşıdakı onillikdə qlobal kənd təsərrüfatı və balıqçılıq sahəsinin hər il orta hesabla1.4% artacağı proqnozlaşdırılır. Məhsuldarlığın artımının tələbin artımını üstələyəcəyi gözlənilir və bu sənəddə əhatə olunmuş əksər məhsulların real qiymətlərinin növbəti onillik ərzində aşağı düşəcəyi proqnozlaşdırılır.

Proqnoz sənədi 10 illik perspektiv üçün milli, regional və qlobal səviyyədə kənd təsərrüfatı və balıqçılıq sahəsi üzrə proqnozları, qlobal ərzaq sektorunu hərəkət etdirən fundamental iqtisadi və sosial trendləri əhatə edir.

Perspektiv qiymətləndirmə baxımından ilkin dövr üçün COVİD-19-un qlobal kənd təsərrüfatı bazarlarına birbaşa təsirlərinin müəyyən edilməsi üçün ssenari simulyasiyası aparılmış, növbəti illər üçün isə əsas iqtisadi trendlərin təsirləri nəzərə alınmışdır.

On il ərzində ərzaq, yem və bioyanacağın nisbi əhəmiyyətliliyi güclü dəyişikliyə məruz qalmayacaq, çünki kənd təsərrüfatı məhsulları üzrə heç bir böyük tələb dəyişikliyi (demand shift) gözlənilmir. İstehsalın artımının əsas amili kimi əhali sayının artması çıxış edəcək, ancaq bununla yanaşı müxtəlif ölkələrin inkişaf səviyyələrindən asılı olaraq istehlakın xarakterində müəyyən dəyişikliklərin olacağı proqnozlaşdırılır.
Qlobal səviyyədə adambaşına ərzaq istehlakına sərf olunan xərclərin artacağı proqnozlaşdırılsa da, bu xərclərin gəlirdəkli payı azalacaq. 2029-cu il üçün adambaşına kalori istehlakının 3000 kl, zülal istehlakının isə 85 qram olacağı proqnozlaşdırılır. İstehlakda payı ən sürətlə artan komponent yağlardır (9%).

Ölkələrin gəlir səviyyələri dəyişdikcə onların qidalanma xüsusiyyətləri də dəyişəcək, orta gəlir səviyyəsinə malik ölkələrdə əhali öz əlavə gəlirini əsas ərzaq məhsullarından (staples) yüksək dəyərli ərzaq məhsullarına transformasiya etmək üçün istifadə edəcək. Yüksək gəlirli ölkələrin ətraf mühit və sağlamlıqla bağlı səbəblərdən heyvan əsaslı zülaldan alternativ mənbələrə keçid edəcəkləri gözlənilir, bu prosesin ilkin mərhələsi kimi isə qırmızı ətdən quş və balıq ətinə keçid olacağı proqnozlaşdırılır.

Aşağı və orta gəlirli ölkələrdə heyvandarlıq və akvakulturanın inkişafının genişlənməsi ilə əlaqədar olaraq yem istehlakı artacaq, heyvandarlıq və balıq istehsalı daha da intensivləşəcək.

Bioyanacaqdan istifadə genişlənməyəcək, çünki hazırda bu yanacağın istixana qazlarının emissiyasının azaldılmasındakı rolu getdikcə zəifləyir və iki böyük etanol bazarı olan ABŞ və AB-də isə aşağı qarışıqlı benzin əsaslı nəqliyyat yanacağından (low-blended gasoline-type transportation fuel) istifadə səviyyəsi azalmaqdadır.

Gələcək 10 ildə kənd təsərrüfatı məhsullarının istehsalında baş verəcək artımın 85%-i istehsal amillərindən (inputs) intensiv istifadə, istehsal texnologiyalarına investisiya və daha yaxşı becərmə metodlarının tətbiqi ilə məhsuldarlığın yüksəldilməsinin payına düşəcək. Həmçinin il ərzində bir ərazidən bir neçə dəfə məhsul götürülməsinin payı 10%, əkin ərazisinin genişləndirilməsinin payı isə 5% təşkil edəcək.
Nəzərdən keçirilən dövr ərzində dünya üzrə heyvandarlıq məhsulları 14% artacaq və bu proses aşağı yem qiymətləri və stabil ərzaq qiymətləri ilə müşayiət olunacaq. Ümumi ət istehsalı artımının təxminən yarısı quş ətinin payına düşəcək. Donuz ətinin istehsalı isə, əsas etibarilə Çində mərkəzləşəcək.

Cari siyasət və texnologiyaların tətbiqinin davam edəcəyi nəzərə alınmaqla istixana qazları emissiyası 6% artacaq. Bu artımın 80%-i heyvandarlığın payına düşəcək. Birbaşa emissiya artımının əsas hissəsi coğrafi olaraq aşağı gəlirli regionların payına düşəcək.

Qlobal ticarət istehsal artımına uyğun şəkildə marjinal olaraq artacaq, çünki ticarətin stimullaşdırılması üzrə heç bir siyasətdə dəyişikliklər baş vermədikcə beynəlxalq mal göndərişləri (shipments) əsasən cəmi bazar həcmi ilə müəyyən olunur. Resursları məhdud olan, habelə kalori və zülal istehlakının əsas hissəsinin idxal hesabına təmin edildiyi ölkələr üçün ticarət getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayacaq. Ümumiyyətlə, yaxşı fəaliyyət göstərən, proqnozlaşdırıla bilən beynəlxalq ticarət sistemi həm istehlakçılar, həm də istehsalçılar üçün çox önəmlidir.

Bir çox ərzaq və kənd təsərrüfatı məhsulları üzrə qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırılır, çünki qiymətləri aşağı salan amillərin (əsasən məhsuldarlığın artması) qiymətləri yüksəldən amillərə (resurs məhdudiyyəti, yüksək tələb və s.) münasibətdə dominant mövqe tutacağı gözlənilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edin:

www.agri-outlook.org.