01 May 2019
Aprelin 30-da Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin təşkilatçılığı ilə İzmir şəhərində “Türkiyədə biomüxtəliflik” mövzusunda toplantı keçirilib və bu sahəyə aid sərgi təşkil edilib. Toplantıda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Türkiyənin dövlət himni səsləndiriləndən sonra ölkənin müasir həyatında kənd təsərrüfatının inkişafını əks etdirən sənədli film nümayiş olunub. Rəsmi açılışda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə bölgə koordinatoru və Türkiyə təmsilçisi Viorel Gutu, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və başqaları çıxış ediblər. FAO-nun həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışan Viorel Gutu Türkiyə ilə əməkdaşlıq əlaqələrinin nəticələrindən bəhs edib. Türkiyənin biomuxtəlifliyini tükənməz milli sərvət kimi dəyərləndirən nazir Bekir Pakdemirli kənd təsərrüfatı sahəsində ölkədə əldə olunan nailiyyətlərdən və perspektivlərdən danışıb. Azərbaycanda kənd təsərrüfatının inkişaf istiqamətləri barədə geniş məlumat verən nazir İnam Kərimov bildirib ki, FAO-Türkiyə ortaq proqramları çərçivəsində qardaş ölkənin dəstəyi ilə respublikamızda 16 layihə həyata keçirilib. Azərbaycan hökumətinin kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayırdığını vurğulayan nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq mövcuddur. Ölkəmiz bu sahədə beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrlə səmərəli əməkdaşlıq edir. Daha sonra tədbir iştirakçıları Türkiyənin biomüxtəlifliyinə aid sərgi ilə tanış olublar. Tədbir çərçivəsində ağacəkmə aksiyası da keçirilib. Toplantı panellərdə davam etdirilib. Həmçinin aprelin 30-da İzmirdə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib. İclasda Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycanda pambıqçılığın inkişafına dair Niyyət Bəyannaməsini imzalayıblar. Həmçinin Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclasının Protokolu imzalanıb.
Daha sonra KİV nümayəndələrinə açıqlama verən nazirlər Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar, bu sahədə dinamik inkişafı qorumaq üçün həyata keçirilən tədbirlər və digər məsələlər barədə geniş məlumat verən nazir İnam Kərimov qardaş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük səmərə verdiyini bildirib. Türkiyənin kənd təsərrüfatı sahəsində geniş imkanlara malik olduğunu vurğulayan nazir Bekir Pakdemirli Azərbaycanla əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb. Qeyd olunub ki, tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrini daha da genişləndirmək üçün mövcud imkanlardan daha səmərəli istifadə etməyi hədəf götürüblər. Bu əməkdaşlıq sayəsində kənd təsərrüfatı sahəsində geniş perspektivlər, o cümlədən məhsulların ixrac həcmini artırmaq üçün yeni imkanlar yaranıb. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan nazirlər diqqətə çatdırıblar ki, Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatının bütün sahələri üzrə mövcud olan səmərəli əməkdaşlıq dinamik inkişafdadır.