Image

İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları EKTİS-də qeydiyyatdan keçəcək

04 Avqust 2020

“Elektron kənd təsərrüfatı” İnformasiya Sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcəklər. Fermerlər tədarük olunan məhsulları saxlamaq üçün istifadə edilən soyuducu anbarlar, taxıl elevatorları və istixanalar barədə informasiyanı EKTİS-də onlar üçün müəyyən edilən hesabat formalarına uyğun olaraq mütəmadi sistemə daxil edəcəklər.

Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənməsi və bu barədə dövlət qurumlarının mütəmadi məlumatlandırılması məqsədilə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması aktualdır.

Bununla əlaqədar,

a) ölkədə ərzaq ehtiyatlarının idarə edilməsi və bu sahədə yarana biləcək risklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi,

b) ölkədə mövcud soyuducu anbarlar, istixanalar və taxıl elevatorlarından istifadə səviyyəsinin qiymətləndirilməsi,

c) bu sahədə təhlillərin aparılması,

d) dəstək tədbirlərinə ehtiyacın müəyyən edilməsi məqsədilə soyuducu anbarların, istixanaların və taxıl elevatorlarının EKTİS-də reyestrinin yaradılması və bu sistem vasitəsilə mütəmadi (aylıq) hesabatlılığın həyata keçirilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən ölkədə kənd təsərrüfatı sahəsində dövlət dəstəyinin elektron qaydada göstərilməsi üçün EKTİS-in imkanlarından istifadə edilməklə ölkədə fəaliyyət göstərən fermerlərin, tədarükçülərin, baytarların, süni mayalanma mütəxəssislərinin və digər kənd təsərrüfatı subyektlərinin xidmət göstərməsi və ya xidmət alması təmin edilib.