29 Avqust 2025
Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktorunun müşaviri Pərviz Əliyev 26-29 avqust tarixlərində Almaniyanın Bonn şəhərində Aqrar İqtisadçıların Avropa Assosiasiyasının (EAAE) 50 illik yubileyinə həsr olunmuş XVIII Konqresində iştirak edib.
Pərviz Əliyev konqresdə “GTAP modeli vasitəsilə ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi: Azərbaycan üçün cari trendlər və optimal siyasət ssenariləri” mövzusunda elmi tezislə çıxış edib. Məruzədə qlobal ticarət analiz modelindən (GTAP) istifadə olunaraq Azərbaycanın ərzaq təhlükəsizliyi üzrə mövcud vəziyyəti təhlil edilib, həmçinin dayanıqlı inkişafı təmin edəcək optimal siyasət yanaşmaları təqdim olunub.
Qeyd edək ki, P. Əliyevin sözügedən konqresə təqdim etdiyi “Evaluating Food Security Through GTAP Modeling: Current Trends and Optimal Policy Scenarios” (GTAP modeli vasitəsilə ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi: cari trendlər və optimal siyasət ssenariləri) adlı tezisi təşkilatçı komitə tərəfindən qəbul olunmuş və əməkdaşımız konqresdə iştirak etmək və apardığı tədqiqatdan əldə etdiyi nəticələri təqdim eləmək hüququ qazanıb.
Aqrar İqtisadçıların Avropa Assosiasiyası kənd təsərrüfatının iqtisadiyyatı sahəsində ən nüfuzlu assosiasiyalardan biridir.