09 Oktyabr 2025
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib, feromon tələlər quraşdırılıb və mübarizə tədbirləri həyata keçirilib.
Zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə il ərzində qışlama yerlərinin monitorinqi keçirilib. Zərərvericiyə qarşı mübarizə məqsədilə cari ilin əvvəlindən başlayaraq 51 rayonda 10736 ədəd feromon tələ quraşdırılıb. Aşkarlanmanın sıx olduğu 8 rayonda 2385 ədəd feromon tələ “Cəlb et məhv et ”stansiyası mübarizə məqsədilə quraşdırılmışdır. Monitorinqlər nəticəsində zərərvericinin yetkin fərd və nimfaları əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə edilmişdir. Sirayətlənmə səviyyəsinin yüksək olduğu ocaqlarda da bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Tədbirlər davam etdirilir.
Hazırda QMB qışlama yerlərinə toplaşır. Aqrar Xidmətlər Agenliyinin texniki avadanlıqlarla təmin olunmuş mütəxəssislərdən ibarət qrup Zaqatala və Balakən rayonlarına ezam olunmuşdur. Mübarizə və maarifləndirmə tədbirləri həyata keçirilir. “Tap öldür” kampaniyası çərçivəsində əhali özü də mübarizə tədbirlərində fəal iştirak etməlidir. Zərərvericinin sərhədboyu miqrasiya etmə ehtimalını nəzərə alaraq, sərhəd kəndlərində monitorinq tədbirləri gücləndirilmişdir. Xüsusilə, Balakən, Zaqatala, Qax, Ağstafa, Qazax, Şabran, Qusar, Quba və Xaçmaz rayonlarının sərhəd kəndlərində mütəmadi olaraq monitorinq tədbirləri aparılır və əhalinin maarifləndirilməsi davam etdirilir.
Bildiririk ki, zərərverici aşkar edildikdə süpürgə, tozsoran və digər vasitələrlə onu toplamaq və sonradan məhv etmək lazımdır. Beynəlxalq təcrübə göstərir ki, bu zərərverici ilə mübarizədə aldadıcı tələlər və süni sığınacaq yerləri geniş istifadə olunur. Karton və qəzetlə doldurulmuş qutular bağacığın cəmləşməsi üçün effektiv üsuldur. Bu qutular evlərin günəş düşən hissəsində və ya çardaqlarda yerləşdirilməlidir. Unutmayaq ki, qəhvəyi mərmər bağacığı ilə mübarizə hər birimizin ortaq məsuliyyətidir.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsuldarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki vardır. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasən də fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.