Image

Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən aqrar sektorun problemləri üzrə AQEM konfransı keçirilib

07 Noyabr 2025

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2025-ci il üçün Etimad Tədbirləri Planına uyğun olaraq "Aqrar sektor problemləri üzrə AQEM konfransı: sübutlara əsaslanan idarəetmə üçün Ümumi və Hissəvi Tarazlıq Modellərindən istifadə" (CICA Conference on Agricultural Sector Insights: Harnessing General and Partial Equilibrium Models for Evidence-Based Management) adlı tədbir keçirilib. Onlayn formatda keçirilən tədbirdə AQEM-ə üzv dövlətlərin nümayəndələri, həmçinin aqrar sahədə alimlər və tədqiqatçılar iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri Pərviz Əliyev bildirib ki, kənd təsərrüfatı sistemləri bütün dünyada bazar dəyişkənliklərindən və ticarət əlaqələrindəki qırılmalardan tutmuş, iqlim dəyişikliklərinə və resurs məhdudiyyətlərinə qədər bir çox çətinliklərlə üzləşir. Bu səbəbdən sübutlara əsaslanan siyasətlərin hazırlanması kənd təsərrüfatı sektorunda ərzaq təhlükəsizliyi, resursların səmərəli bölgüsü və davamlı böyümənin təmin edilməsi üçün çox vacibdir. Ümumi Tarazlıq Modelləri (ÜTM - GEMs) və Hissəvi Tarazlıq Modelləri (HTM - PEMs) siyasətçilərə və tədqiqatçılara siyasətin iqtisadi nəticələrini, bazar dinamikasını və xarici şokları qiymətləndirməyə imkan verən güclü analitik vasitələrdir.

O, həmçinin bildirib ki, bu konfrans analitik potensialı gücləndirmək, sübutlara əsaslanan qərarların qəbul olunmasını təşviq etmək və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirməklə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iqtisadi ölçüsünü dəstəkləyir.

Daha sonra tədbirdə AQEM-in Baş katibinin müavini cənab Fərid Dəmirli çıxışında bu təşəbbüsün AQEM-in İqtisadi Meyarlarına uyğun olduğunu, siyasət təhlili sahəsində regional potensialı gücləndirdiyini, məlumat mübadiləsini təşviq etdiyini və kənd təsərrüfatının dayanıqlı inkişafını dəstəklədiyini bildirib. Bununla yanaşı, o, tədbirin ölkələrarası əməkdaşlığın təşviq edilməsinə, "Aclığa son" dayanıqlı inkişaf məqsədinə nail olunmasına, eləcə də ərzaq təhlükəsizliyi problemi və iqlim riskləri ilə birgə mübarizəyə töhfə verdiyini də qeyd edib.

Daha sonra Pərviz Əliyev tədbirin məqsədləri barədə məlumat verib. Qeyd edib ki, bu tədbirin təşkil olunmasında məqsəd ümumi və hissəvi tarazlıq modellərinin aqrar bazarların, ticarət siyasətlərinin və istehsal sistemlərinin təhlilindəki rolunu nümayiş etdirmək, qərarların qəbul edilməsində siyasətçilərin, iqtisadçıların və tədqiqatçıların bu modelləri tətbiq etmək imkanlarını genişləndirmək, təchizat zəncirlərindəki qırılmalar, ticarət şokları və iqlim dəyişikliyi kimi problemlərin həlli sitiqamətində ÜTM və HTM-dən istifadə ilə bağlı AQEM-ə üzv dövlətlərin və digər ölkələrin ən yaxşı təcrübələrini bölüşmək, məlumat, metodologiya və təcrübə mübadiləsi vasitəsilə kənd təsərrüfatı modelləşdirməsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, daha əhatəli sektor təhlili üçün ÜTM və HTM-in digər modellərlə inteqrasiyasını araşdırmaqdan ibarətdir.

Təşəbbüsdən gözlənilən nəticələr isə təlim seminarları vasitəsilə texniki potensialın gücləndirilməsi, birgə layihələrin və tərəfdaşlıqların müəyyən edilməsi, birgə kənd təsərrüfatı modelləşdirməsi üçün mütəxəssislər və təşkilatlar şəbəkəsinin qurulması, aqrar sektorun dayanıqlı inkişafa töhfəsinin gücləndirilməsidir.

Pərviz Əliyev həmçinin tədbir iştirakçılarına bu istiqamətdə Azərbaycanın kənd təsərrüfatı sahəsində görülən işlər, Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti, yaradılan məlumat bazaları, o cümlədən EKTİS, Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Sistemi, Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi barədə də ümumi məlumat verib.

Tədbirin təqdimatlar hissəsində ilkin olaraq Banqladeşin Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun əməkdaşı Dr. Kamrul Hasan “Transgen bitkilər vasitəsilə zərərvericilərin davamlı idarə edilməsi: Banqladeşdə Bt badımcanı ilə bağlı aparılmış tədqiqatın nəticələri” adlı təqdimatla çıxış edib. O, çıxışında bitki zərərvericiləri və onlara qarşı müasir mübarizə tədbirlərindən danışıb. Daha sonra Banqladeşin Pambıq İnkişafı Şurasının üzvü Dr. Tasdiqur Rəhman “Pambıqçılığın kənd yaşayışına təsiri: pambıqçılıqla məşğul olan və məşğul olmayan fermerlərin müqayisəsi” adlı təqdimatla, Qazipur Kənd Təsərrüfatı Universitetinin Bitki Patologiyası Kafedrasının professoru Motaher Hossain “Düyüdə Magnaporthe oryzae-nin bioloji nəzarəti üçün biofilm istehsal edən endofitik mkroorqanizmlərin izolyasiyası və qiymətləndirilməsi” adlı təqdimatla, İsraildən olan ekspert Dan Alluf “Potensialın gücləndirilməsi və inteqrasiya, kənd təsərrüfatı transformasiyası istiqamətində əməkdaşlıq” adlı təqdimatla, Banqladeşin Pambıq İnkişafı Şurasının baş mütəxəssisi Dr. Cahangir Alam “Pambığın üst qatının təmizlənməsi pambığın tarla müddətini azaldır, eyni zamanda məhsuldarlığı və keyfiyyəti artırır” adlı təqdimatla çıxış edib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri Pərviz Əliyev isə “GTAP modeli vasitəsilə ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi: cari trendlər və optimal siyasət ssenariləri” adlı təqdimatla çıxış edib. O, çıxışında GTAP (Global Trade Analysis Project) modelinin əsas xüsusiyyətləri, komponentləri və tətbiq sahələri barədə qısa məlumat verdikdən sonra bu modeldən istifadə etməklə buğdanın idxalının rüsumla tənzimlənməsi ssenarisi üzrə apardığı simulyasiyanın nəticələrini auditoriya ilə paylaşıb.

Çıxışlardan sonra qoyulan məsələlər ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.