08 Dekabr 2025
Aqrar Tədqiqatlar Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşları arasında görüş keçirilib. Onlayn görüş qurumlar arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində “Azərbaycanda aqrar sahədə qeyri-formal məşğulluq” mövzusunda aparılan birgə tədqiqatla bağlı olub.
Fermerlər arasında keçiriləcək sorğu və digər təşkilati məsələlərin müzakirə edildiyi görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun müşaviri Pərviz Əliyev qeyri-formal məşğulluğun qiymətləndirilməsi üzrə beynəlxalq təcrübədə tətbiq olunan metodologiyalar barədə məlumat verib. O, qlobal miqyasda qeyri-formal məşğulluğun ən böyük hissəsinin kənd təsərrüfatı sektorunda cəmləşdiyini vurğulayıb, Türkiyə, Rusiya Federasiyası və Gürcüstanda aqrar sahədə qeyri-formal məşğulluğun mövcud vəziyyətinə dair aparılan tədqiqatın nəticələrini təqdim edib. Bundan əlavə, o, hazırlanmış sorğu anketini görüş iştirakçılarının diqqətinə çatdırıb, onların suallarını cavablandırıb.
Qeyd edək ki, aqrar sahədə qeyri-formal məşğulluğun mövcud səviyyəsinin və strukturunun qiymətləndirilməsi sektorun inkişafına yönəlmiş siyasət sənədlərinin və strategiyaların effektivliyinin və ünvanlılığının artırılmasına mühüm töhfə verəcəkdir.