Image

Aqrar Tədqiqatlar Mərkəzində elmi-praktiki konfrans keçiriləcək

14 Oktyabr 2020

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində 2020-ci il dekabrın 15-də “Kənd təsərrüfatının dayanıqlı inkişafı: qlobal çağırışlar və Azərbaycanda həyata keçirilən islahatlar” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

Universitetlərin, institutların, elmi-tədqiqat mərkəzlərinin, sahə ilə əlaqəli qurumların, assosiasiya və birliklərin nümayəndələrinin dəvətli olduğu konfransda aşağıdakı məsələlər müzakirə ediləcək:

- Aqrar sahədə resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi;

- Torpaq və su ehtiyatlarının qorunması və yaxşılaşdırılması;

- Kənd yerlərində iqtisadi inkişaf səviyyəsinin və sosial rifahın yüksəldilməsi;

- İşğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının inkişafı;

- Kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən mexanizmlərin təkmilləşdirilməsi.

 

Konfransın materialları əsasında məqalələr toplusu nəşr olunacaq. Topluda dərc olunmaq üçün təqdim ediləcək məqalələrə dair tələbləri diqqətinizə çatdırırıq:

  1. Təqdim olunan məqalə konfransda müzakirəsi nəzərdə tutulan məsələlərin əhatə dairəsində olmalıdır.
  2. Məqalələr üç dildə - azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.
  3. Məqalələrin tərtib olunmasına dair tələblər:

Məqalə mətnlərinin həcmi 5 səhifədən çox olmamalı, kompüterdə MS Word proqramında A4 standart formatında Times New Roman şrifti ilə (şrift ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25) sətirdən sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan -30 mm, sağdan, yuxarı və aşağıdan -20 mm olmalıdır;

- Məqalənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxılmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, 5-10 açar söz yazılmalıdır (10 pt., interval - 1).

- Məqalədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [misal: 4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə göstərilməlidir.

- Məqalədə azərbaycan, ingilis və  rus dillərində  xülasə verilməlidir.

  1. Məqalələr çap və ya elektron formada 5 noyabr 2020-ci il tarixinə qədər Aqrar Tədqiqatlar Mərkəzinə və valeh.ismayilov@atm.gov.az elektron poçtuna göndərilməlidir.

“Covid 19” pandemiyası ilə əlaqədar olaraq konfransın onlayn keçirilməsi nəzərdə tutulur. Vaxt və konfransda iştirak qaydaları barədə dəvətlilərə əlavə məlumat veriləcək.