Image

“Caspian Agro Week” sərgisi çərçivəsində “Regionlarda aqrar ekosistem və süni intellekt: problemlər, həllər və startaplar üçün real imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub

06 May 2026

“Caspian Agro Week” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Regionlarda aqrar ekosistem və süni intellekt: problemlər, həllər və startaplar üçün real imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub.

Panel müzakirənin əsas məqsədi regionlarda aqrar sahənin inkişafında innovativ yanaşmaların, xüsusilə süni intellekt texnologiyalarının tətbiqi imkanlarının müzakirəsi, mövcud problemlərin müəyyənləşdirilməsi və bu istiqamətdə real həll yollarının dəyərləndirilməsi olub.

Müzakirələr zamanı Akselerasiya və inkubasiya mərkəzlərinin regionlarda aqrar startap ekosistemində rolu, aqrar ekosistemin regionlar üzrə inkişaf səviyyəsi, texnoloji həllərin tətbiqi imkanları, innovasiya infrastrukturunun mövcud vəziyyəti, kadr potensialı və maliyyə resurslarına çıxış kimi məsələlər geniş şəkildə təhlil olunub. Eyni zamanda, aqrar sahədə fəaliyyət göstərən startaplar üçün mövcud imkanlar, onların inkişafına təsir edən amillər və investisiya mühitinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Paneldə Aqrar İnnovasiya Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sabah.angels investorlar klubu, Bakı Mühəndislik Universitetinin Texnoparkı, Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiya Mərkəzi, Milli Aviasiya Akademiyası və Bakı Dövlət Universitetinin nümayəndələri iştirak ediblər.

Panel çərçivəsində dövlət-özəl sektor və akademik mühit arasında əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb, innovasiya yönümlü təşəbbüslərin genişləndirilməsinin regionların davamlı inkişafına töhfə verəcəyi qeyd edilib.

Müzakirələrin yekununda aqrar sahədə süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi, regionlarda innovasiya ekosisteminin gücləndirilməsi və startap fəaliyyətinin təşviqinin prioritet istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.