Image

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramını şərh edib

31 May 2026

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Xəzər TV-də yayımlanan “Xəbər Ertəsi” proqramının qonağı olub.

Verilişdə o, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” haqqında danışıb.

Rəşad Hüseynov kənd təsərrüfatı sahəsində 2030-cu ilə qədər və sonrakı dövrdə gözlənilən artım tempi, eləcə də özünütəminetmə səviyyəsi ilə bağlı fikirlərini bölüşüb. O, məhdud su və torpaq resursları şəraitində Dövlət Proqramının əhəmiyyəti, qarşıya qoyulan hədəflər və bu istiqamətdə nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

ATM-in direktoru dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, bu kontekstdə kiçik təsərrüfatların xüsusi diqqətdə saxlanılması, həmçinin Dövlət Proqramının əhatə etdiyi balıqçılıq və akvakultura sahələrinin inkişafı ilə bağlı planlara toxunub. O, kənd təsərrüfatı məhsulları bazarında ehtimal olunan qiymət dalğalanmalarına qarşı görülə biləcək tədbirlərdən də bəhs edib.

Bundan başqa, Rəşad Hüseynov kənd təsərrüfatı sahəsində yeni mütəxəssislərin yetişdirilməsi üçün elm və təhsil müəssisələrində müvafiq bölmələrin yaradılmasının, eləcə də bu müəssisələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Verilişin videosunu təqdim edirik: