28 İyun 2019
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Bu Fərman subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.
EKTİS-də qeydiyyatdan keçməyən fermerlərə subsidiya verilməyəcək
Növbəti ildən etibarən subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi oln Subsidiya İnformasiya Sistemi (SİS) vasitəsilə veriləcək. Bu sistemdə qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilməyəcək. EKTİS-də qeydiyyatda olan şəxs eyni zamanda ölkənin elektron hökümət portalında (mygov) qeydiyyatdan keşmiş sayılır və portalda təqdim edilən digər xidmətlərdən istifadə edə bilər.
Subsidiyaların yeni qaydalara əsasən verilməsi fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, zaman itkisinin qarşısını alacaq. Fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə EKTİS-də yaradılan şəxsi kabinetə daxil olacaq, təsərrüfatları, proqnozları barədə məlumatları həmin kabinetə daxil edə və heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə biləcək.
EKTİS-də qeydiyyatdan keçən fermerin torpaq sahələri, onlar tərəfindən əkiləcək və əkilən bitkilər, subsidiya predmeti olan heyvanlar barədə məlumatlar kabinetə əks olunacaq.
Sənədlərində dəyişiklik olmayan fermerlər subsidiya ala bilmək üçün yenidən sənəd təqdim etməyəcəklər.
Hazırda ölkədə fermerlərin EKTİS-də qeydiyyatı prosesi davam edir. İndiyədək 300 mindən çox fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Bu ilin sonunadək fermerlərin EKTİS-də qeydiyyatı prosesi tam yekunlaşdırılacaq.
Aqrar Subsidiya Şurası yaradılacaq
Subsidiya mexanizminin kənd təsərrüfatının inkişafı məqsədlərinə çevik şəkildə uyğunlaşdırılması məqsədilə Aqrar Subsidiya Şurası yaradılacaq. 7 nəfərlik Şura Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, və yerli fermerlər assosiasiyasının nümayəndələrindən təşkil olunacaq. Şuraya Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri rəhbərlik edəcək.
Subsidiyalar fərqli mexanizmlə hesablanacaq
Şura subsidiyaların təkmilləşdirilməsi, təsdiq edilən baza məbləği olan 200 manata bitkiçilik sahəsinin subsidiyalaşdırılması üçün tətbiq ediləcək əmsalları, toxumçuluq sahəsi ilə bağlı kvotaları müəyyən edəcək.
Bitkiçilik sahəsində subsidiyaların hesablanması Şura tərəfindən təsdiq edilən əmsalın baza məbləğinə vurulması ilə aparılacaq. Baza məbləğində fərqli əmsalların tətbiqi tələbata uyğun bitkilərin düzgün ərazilərdə becərilməsi və bu istiqamətdə fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.
2020-ci il üzrə əmsallar və kvotalar 2019-cu il ərzində müəyyən edilərək elan ediləcək.
Bitkiçilik sahəsində tətbiq edilən subsidiyalar yenilənəcək
Növbəti ildən bitkiçilik sahəsində aşağıdakı növdə subsidiyalar olacaq:
Subsidiyalara müraciət və istifadə mexanizmi asanlaşdırılacaq
Fermerlər subsidiyalar elektron qaydada və ya bilavasidə müraciət edə biləcəklər. Fermerlərə subsidiyaların verilməsi ilə bağlı xidmətlərin göstərilməsi regionlarda Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçiriləcək, mərkəzdən əlaqələndirməni Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək.
Subsidiya vəsaitlərin fermerlərin bank kartlarına (fermer kartı) köçürüləcək. Fermerlər əkin subsidiyasının bir hissəsini (25%-ni) birbaşa nağdlaşdıra biləcək, yerdə qalan vəsait (75%) isə nağdalaşdırmadan, sadəcə gübrə, pestisid, toxum və ya ting alışı zamanı hesabdan-hesaba köçürəcək. Kənd təsərrüfatı istehsal vasitələrini satan təchizatçılar EKTİS-də qeydiyyatdan keçməlidir.
Fermerlər il ərzində onlara ayrılan amma istifadə edə bilmədikləri vəsaiti eyni il ərzində aparılan növbəti əkinləri üçün xərcləyə biləcəklər.
Yeni qaydalar kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini stimullaşdıracaq
Fərmana əsasən, 50 hektardan yuxarı sahəsi olan kənd təsərrüfatı kooperativlərinə verilən əkin subsidiyasının miqdarı 10 faiz artıq olacaq.
Heyvandarlıq sahəsində subsidiyaların verilməsinə davam ediləcək
Heyvandarlıq sahəsində subsidiyalar əvvəlki məbləğ və qaydada tətbiq olunacaq. Sadəcə fermerlər EKTİS-də qeydiyyatda olmalı və subsidiya almaq üçün sistem vasitəsilə müraciət etməlidir.
Subsidiya növləri üzrə xidmət reqlamentləri təsdiqlənəcək
Hər bir subsidiya növü üzrə Nazirlik tərəfindən 5 ay ərzində xidmət rerqlamentləri təsdiqlənəcək. Bu xidmət reqlamnetləri fermerlərə hər bir subsidiya növü üzrə xidmətin həyata keçirilməsinin daha aydın və ətraflı izahını nəzərdə tutur.
Yeniliklər