18 Avqust 2026
14-15 avqust tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Qusar rayonunda Bootcamp proqramı keçirilib.
Bootcampın əsas məqsədi gənclərin aqrar innovasiya və startap ekosisteminə cəlb edilməsi, süni intellekt və rəqəmsal texnologiyalar əsasında aqrar sahə üçün innovativ həllərin hazırlanması, onların praktiki tətbiqi və kommersiyalaşdırılmasına, eləcə də yeni biznes təşəbbüslərinin formalaşdırılmasına dəstək göstərilməsidir.
İki gün davam edən proqramda 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən 26 iştirakçı, 20 startap layihəsi, 10-a yaxın akselerasiya və inkubasiya mərkəzi, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlər iştirak edib.
Proqram çərçivəsində iştirakçılar startap ideyalarını təqdim edib, layihələrin inkişaf etdirilməsi, praktiki tətbiqi və kommersiyalaşdırılması imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də aqrar sahədə fəaliyyət göstərən iri şirkətlərin mütəxəssislərinin iştirakı ilə müxtəlif mövzularda sessiyalar keçirilib. Sessiyalarda startapların inkişaf etdirilməsi, innovativ ideyaların biznes modelinə çevrilməsi, aqrar sahədə texnologiyaların tətbiqi, bazar tələblərinin müəyyənləşdirilməsi və hazırlanmış həllərin praktiki mühitdə sınaqdan keçirilməsi məsələləri müzakirə olunub.
Bootcamp çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, Nazirliyin Aparatının nümayəndələri və şirkət təmsilçilərinin iştirakı ilə tələbələrlə görüş keçirilib.
Görüş zamanı tələbələr tərəfindən süni intellekt və rəqəmsal texnologiyalar əsasında hazırlanmış müxtəlif layihələr təqdim edilib. Təqdim olunan həllər sırasında peyk görüntülərinin təhlili və bitkilərdə stressin erkən aşkarlanması, bitki xəstəliklərinin görüntü analizi vasitəsilə müəyyənləşdirilməsi, ağıllı istixanaların idarə olunması, sensor texnologiyalarının tətbiqi, aqrar xidmətlərin rəqəmsallaşdırılması, meyvə bağlarında şaxta və dolu risklərinin əvvəlcədən proqnozlaşdırılması, arıçılıqda süni intellekt əsaslı monitorinq, kənd təsərrüfatı məhsullarının satışının rəqəmsallaşdırılması və digər innovativ həllər yer alıb.
Təqdim olunan layihələr əsasən resurslardan səmərəli istifadə, məhsuldarlığın artırılması, xəstəlik və risklərin erkən aşkarlanması, təsərrüfatların rəqəmsal idarə olunması və aqrar istehsal proseslərinin avtomatlaşdırılmasına yönəlib. Mütəxəssislər layihələrin təkmilləşdirilməsi, istehsalatda tətbiq imkanlarının genişləndirilməsi, kommersiyalaşdırılması və bazara çıxarılması ilə bağlı iştirakçılara tövsiyələr veriblər.
Proqram çərçivəsində “Amoris”, “METAK” və “İsmikhanli” təsərrüfatlarına infoturlar da təşkil olunub. Tələbələr təsərrüfatlarda istehsal prosesləri ilə tanış olub, aqrar istehsal zamanı qarşıya çıxan real problemləri müşahidə etmək və onların həlli üçün texnoloji imkanları qiymətləndirmək imkanı əldə ediblər.
İnfoturlar iştirakçıların hazırladıqları startap ideyalarını real təsərrüfat ehtiyacları ilə əlaqələndirməsinə, innovativ həllərin praktiki tətbiq imkanlarını müəyyənləşdirməsinə və layihələrin daha da təkmilləşdirilməsinə şərait yaradıb.
Qeyd edək ki, Qusar Bootcampı Aqrar İnnovasiya Mərkəzi tərəfindən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən 7-ci proqramdır. Layihə çərçivəsində ilin sonunadək Naxçıvan, Masallı, Balakən, Şabran, Yevlax, Ağdam və Cəbrayıl rayonlarında da Bootcamp proqramlarının keçirilməsi planlaşdırılır.