28 Avqust 2026
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov universitetin “Aqronomluq” ixtisasına qəbul olan şəhid Xalid Həsənin anası Maya Quliyeva ilə görüşüb.
Görüşdə rektor Zəfər Qurbanov Maya Quliyevanı ali məktəbə qəbul olması münasibətilə təbrik edib, ona təhsil həyatında uğurlar arzulayıb. Bildirib ki, şəhid ailələrinin üzvlərinin təhsil və inkişaf imkanlarının dəstəklənməsi ADAU üçün xüsusi əhəmiyyət daşıyır.
Rektor şəhidlərin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayıb. Qeyd edib ki, onların Vətən qarşısındakı fədakarlığı gənc nəslin təhsilə, elmə və dövlətə sədaqət ruhunda yetişməsi üçün mühüm örnəkdir.
Zəfər Qurbanov Maya Quliyevanın ADAU ailəsinə qoşulmasını əlamətdar hadisə kimi dəyərləndirib. Universitetdə onun keyfiyyətli təhsil alması, seçdiyi ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcəyinə əminliyini ifadə edib.
Maya Quliyeva göstərilən diqqət və qayğıya görə ADAU rəhbərliyinə təşəkkürünü bildirib. O, övladının arzusunun və adının yaşadılmasının, ali təhsil almasının ailəsi üçün böyük qürur olduğunu qeyd edib.
Görüşdə tələbənin təhsil prosesi ilə bağlı qarşıdakı mərhələlər, universitetdə yaradılan imkanlar və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, şəhid Xalid Mahmud oğlu Həsən 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Xalid Həsən 4 noyabr 2020-ci ildə Kəlbəcər–Şuşa yolu istiqamətində, Ağdərə ərazisində şəhid olub. O, ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və digər medallarla təltif edilib.