Image

Azərbaycanda ilk dəfə mal-qaranın sığortası kalkulyatoru istifadəyə verilib

15 Mart 2021

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi çərçivəsində ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı heyvanlarının sığorta kalkulyatoru istifadəyə verilib. Aqrar Sığorta Fondunun məlumatına görə, artıq mal-qara və heyvandarlıq təsərrüfatının sahibləri bu kalkulyatorun köməyi ilə öz heyvanlarının sığortahaqqını müstəqil şəkildə hesablaya biləcəklər.

Kalkulyatorun istifadəyə verilməsində məqsəd fermerləri aqrar sığorta tarifləri, o cümlədən heyvanların sığortası haqları barədə daha aktiv məlumatlandırmaqdır. Fermerlər və aqrar sahədə çalışanlar aqrar sığorta kalkulyatorundan istifadə etməklə sığortanın əhatə etdiyi heyvanların sığortahaqqını və sığorta məbləğini özləri müstəqil olaraq hesablaya biləcəklər.

Aqrar sığorta kalkulyatorundan istifadə üsulu sadədir. İstənilən şəxs kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı heyvanlarının növünü, sayını və qiymətini, eləcə də istədiyi təminatı və sığorta müddətini daxil etməklə ödəyəcəyi sığortahaqqını asanlıqla hesablaya bilər.

Kalkulyatordan istifadə edərkən sığortahaqqının ümumi məbləği ilə yanaşı, dövlətin və fermerin ödəyəcəyi məbləğlər də ayrıca göstərilir. Bu da kənd təsərrüfatı sahəsində çalışanların sığorta tarifləri və haqları ilə daha asan şəkildə tanış olmalarına, öz gəlirlərini və xərclərini planlaşdırmalarına kömək edəcək.

Heyvanların sığortası kalkulyatoruna bu linkdən keçmək olar:

https://asf.gov.az/insurance-calculators/livestock-insurance

Xatırladaq ki, ölkədə ilk dəfə tətbiq edilən dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi vasitəsilə hazırda 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Aqrar sığorta qaydalarına görə, hesablanmış aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda ilk dəfə olaraq əkin sahələrinin aqrar sığortası üzrə kalkulyator da istifadəyə verilib. Bitkilərin sığorta kalkulyatoruna bu linkdən keçmək olar:

https://asf.gov.az/insurance-calculators/crop-insurance

Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvan (südlük inək-camışlar), 14 növ bitkiləri (buğda, arpa, çəltik, qarğıdalı, kartof, üzüm, naringi, limon, portağal, fındıq, çay, pambıq, tütün, çuğundur) və balıqları sığorta edir. Bu bitkilər ölkədəki bütün əkin sahələrinin 85%-ni təşkil edir. Gələcəkdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, nəticədə aqrar sığortanın ölkədəki bütün əkin sahələrinin 95%-ni əhatə etməsi nəzərdə tutulur.