Image

Şəkidə fermer təsərrüfatlarında təkrar qarğıdalı əkinlərinin aparılması mövzusunda tarla müşavirəsi keçirilib

16 İyul 2021

Şəkidə fermer təsərrüfatlarında təkrar qarğıdalı əkinlərinin aparılması mövzusunda tarla müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Bitkilərin monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsi, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri və fermerlər iştirak edib.

Şəki rayonunda fermer Hikmət Hacısalmanovun əkin sahəsində keçirilən tarla müşavirəsində 20-yə yaxın fermerə təkrar qarğıdalı əkininin aparılmasının üstünlükləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, təkrar qarğıdalı əkini aparan fermerlərə 86 manat subsidiya verilir.

Görüş zamanı minimal becərmədən istifadə etməklə, yəni şum aparılmadan torpağı 10-12 sm dərinlikdə ağır mala ilə diskləməklə səpin aparılıb. Bu texnologiya ilə torpaqda olan nəmliyin mühafizəsi təmin olunur ki, bu da toxumun zamanında cücərməsinə imkan yaradır. Bu becərmə üsulunun digər üstün cəhəti odur ki, çəkilən xərclər azalır, istehsal olunan məhsulun maya dəyəri aşağı düşür, eyni  sahədən ildə iki dəfə məhsul götürməyə imkan yaranır.

Fermerlərə yüksək məhsul almaları üçün səpinlə birgə hektara 100-120 kq ammofos gübrəsinin verilməsi tövsiyə edilib. Vegetasiya dövründə təkrar qarğıdalı əkinlərində qənaətedici suvarma sistemlərindən istifadə etmənin üstünlükləri, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri haqqında da geniş məlumat verilib.

Görüş zamanı fermerlərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.