Image

Azərbaycan Dövlət Aqrar Universitetində ödənişsiz təkmilləşdirmə kursları başlayıb

03 Avqust 2021

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başlayıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, layihə aqronomluq, baytarlıq və aqromühəndislik istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

Layihədə Dövlət Aqrar İnkişaf mərkəzlərinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin,  bir sıra təşkilat və müəssisələrin əməkdaşları, ADAU məzunları, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edirlər.

Tədbirdə çıxış edən mütəxəssislər bu kursların vacibliyini vurğulayaraq, universitetin texnika parkının, müasir tədris mərkəzlərinin, heyvandarlıq komplekslərinin, Baytarlıq klinikasının, heyvan kəsimi sexinin, Quşçuluq tədris mərkəzinin, Süni mayalanma tədris mərkəzinin müvafiq sahələr üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaratdığını diqqətə çatdırıblar.

Təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin Tələbə Evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar.

Qeyd edək ki, kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.