Image

Azərbaycan nümayəndə heyəti Türkiyədə seleksiya yolu ilə yaradılan kartof sortları ilə tanış olub

25 Avqust 2021

"Sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması layihəsi" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutub. 16-21 avqust tarixlərində baş tutan səfər çərçivəsində nümayəndə heyəti kartof istehsalı üzrə ixtisaslaşmış qurumlarda təşkil olunan görüşlərdə iştirak edib. Səfərin təşkil olunmasında  əsas məqsəd Türkiyənin kartof istehsalı sahəsində tətbiq etdiyi müxtəlif texnologiyalar və yeniliklərlə tanış olmaq, layihə çərçivəsində bu təcrübənin Azərbaycanda tətbiqi imkanlarını araşdırmaqdır.

Nümayəndə heyəti Niğdə şəhərində yerləşən Kartofçuluq üzrə Tədqiqat İnstitutuna baş çəkib, İnstitutun infrastrukturu, yeni istifadəyə verilmiş inzibati binası, laboratoriyaları, istixanaları və əkin sahələri ilə yaxından tanış olublar. Daha sonra İnstitutun rəhbəri Uğur Pırlak və İnstitutun mütəxəssisləri ilə görüş keçirilib. İştirakçılara İnstitutun ümumi fəaliyyəti, strukturu, aparılan tədqiqatlar və bölgədə görülən işlərə dair təqdimat nümayiş etdirilib. Nümayəndə heyəti İnstitutun tərkibində fəaliyyət göstərən “Yetişdirmə və Genetika”, “Kartof xəstəlikləri və Texnoloji test” laboratoriyaları ilə tanış olublar. Bildirilib ki, burada müxtəlif torpaq-iqlim şəraitinə, xəstəlik və zərərvericilərə dayanıqlı sortların yaradılması üzrə geniş işlər həyata keçirilir. Gələcəkdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və Türkiyə Respublikasının Kartofçuluq Tədqiqat İnstitutunun kartof sortlarının seleksiya işlərinə cəlb olunmasının perspektivləri müzakirə edilib. Həmçinin burada yeni texnologiya ilə aerofonikada virussuz kartof miniyumrularının yetişdirilməsi prosesi xüsusi maraqla qarşılanıb. Bu texnologiyanın Tərəvəzçilik ETİ-da tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb, xüsusilə emal yönümlü sortların ölkəmizdə seleksiya yolu ilə alınması və onların gələcəkdə geniş sahələrdə əkilərək istehsal edilməsi barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində iştirakçıların nəhəng yeraltı anbarlara ziyarəti baş tutub. Onlar ilk olaraq Niğdə və Nevşehir şəhərinin yaxınlığında yerləşən, kartof saxlanması üçün istifadə olunan yeraltı anbarlarla tanış olublar. Bu yeraltı anbarların ən mühüm özəlliyi soyuducu avadanlıq olmadan təbii olaraq soyuq temperatura malik olmalarıdır.

Daha sonra iştirakçılar Konya şəhərində təşkil edilən, Türkiyənin ən böyük kartofçuluqla bağlı nümayiş-sərgisi hesab olunan "Kartof Günləri" adlı festivalda iştirak ediblər. Türkiyənin kartof istehsalı ilə məşğul olan iri şirkətlərinin iştirakı ilə keçirilən sərginin başlıca özəlliyi stendlərin öncədən əkilmiş və nümayişə hazır əkin sahələrinin yanında quraşdırılaraq məhsulların təqdim olunmasındadır. Sərgidə Türkiyənin Kartofçuluq Tədqiqat İnstitutu da iştirak edərək milli sortlarını təqdim edib.

Sərgidə kartof istehsalçıları, kartofçuluqla bağlı kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar istehsal edən şirkətlərlə fikir mübadiləsi aparılıb və bu sahədə əməkdaşlıq əlaqələri qurulub. Həmçinin Azərbaycan nümayəndə heyətinin Türkiyənin Kartofçuluq üzrə Tədqiqat İnstitutunun əkin sahələrinə səfərlər baş tutub və tarla əkinlərinə dair müşahidələr aparılıb.