Image

Azərbaycanda pambıq yığımı davam etdirilir

15 Oktyabr 2021

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda pambığın kombaynla yığımına start verilib. Pambıq yığımı ilə əlaqədar “Aqroservis” ASC tərəfindən hazırlıq işləri tam başa çatdırılıb, mövcud kombaynlara texniki baxış keçirilib, kombaynlarda GPS sistemi quraşdırılıb, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri işləri həyata keçirilib.

Bu il pambıq yığımına 430 ədəd pambıqyığan kombayn cəlb edilməsi nəzərdə tutulur. Onlardan 143 ədədi “Aqroservis” ASC-yə məxsusdur. Eyni zamanda yığılan məhsulun operativ şəkildə qəbul məntəqələrinə daşınması üçün “Aqroservis” ASC tərəfindən zəruri sayda traktor və qoşqu vasitələri ayrılıb. Ötən illə müqayisədə əlavə olaraq 76 traktor daxil olmaqla ümumilikdə 1364 traktor, 2860 traktor qoşqusu pambıq daşınmasına cəlb edilib.

Taxıl biçinində olduğu kimi, pambıq yığımında da kombaynlar yaradılmış dislokasiyaya uyğun olaraq yığımı həyata keçirirlər. Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlığın dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb. Təmir briqadası mütəmadi olaraq kombaynlara baxış keçirir, təlimata uyğun istismara nəzarət edir.

Hava şəraitindən asılı olaraq pambığın operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.