Image

Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq davam edir

26 Noyabr 2021

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) Sazişi üzrə layihələrin icrası uğurla davam etdirilir. Bu layihələrin fəaliyyət planına əsasən, Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Xidmətlər Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri və Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri, Aqrar İnkişaf Könüllüləri təşkilatının rəhbəri, həmçinin layihənin benefisiar fermerlərinin iştirakı ilə Türkiyədə təlim səfəri başlayıb.

Səfərin məqsədi kəndli fermer qadınlar və aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün “Qadınların iqtisadi güclərinin artırılması” (WEP), eləcə də AMAL layihələri çərçivəsində gənclərin və qadınların məşğulluğunun, kənd qadınlarının bacarıqlarının artırılması, müasir tələblərə əsaslanan bacarıqların inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasında innovativ metodlar, müasir texnologiyalar, startap və sahibkarlığa texniki dəstəklə bağlı kənd yerlərində həyata keçirilən ən yaxşı təcrübələrlə yerində tanış olmaqdır.

Səfərin ilk günündə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı İslahatlar Baş İdarəsinin müdir müavini Osman Yıldız, Nazirliyin Təlim və Təbliğat şöbəsinin müdiri Mehmet Ergünlə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Türkiyədə icra edilən innovativ layihələr, aqrar sahədə innovasiyaların təşviq və tətbiqi, aqrar startapların inkişafı, innovativ metodlardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsi və aqrar idarəetmənin təkmilləşdirilməsi istiqamətində gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi və əməkdaşlıq imkanları müzakirə edilib. Aqrar Kredit və İnkişaf Agentliyinın sədr müavini Leyla Məmmədova Agentliyin fəaliyyət istiqamətləri, kənd təsərrüfatının prioritet istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla birlikdə icra edilən layihələr və əldə edilən uğurlu nəticələrdən bəhs edib.

FATP-ın meneceri Namiq Məmmədov kənd yerlərində qadınların iqtisadi cəhətdən gücləndirilməsi, ümumilikdə Proqram çərçivəsində icra olunan layihələr barədə məlumat verib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva və Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri, ucqar kənd və qəsəbələrdə yaşayan qadınların kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarının artırılması, o cümlədən məşğulluğun təmin edilməsi üzrə benefisiarı olduqları layihələr  və dövlətin bu sahədə göstərdiyi dəstək tədbirləri barədə təqdimatla çıxış ediblər.