08 Dekabr 2021
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar innovasiyaların təbliği istiqamətində keçirilən “İnnovasiya Festivalı” öz işini davam etdirir.
Sərgidə “Aqroservis” ASC tərəfindən aqrar sahədə istifadə olunan müasir innovativ texnikalar nümayiş olunub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib, maarifləndirmə işləri görülüb.
Füzuli rayonunda keçirilən festivalda rotorlu otbiçən hidravlik, daş xırdalayan, gübrəsəpən (800 l), aqrodron, aqro-robot, yem konteyneri, feromon tələ, axınlı şan tipli bal arısı yeşikləri, həmçinin raps, kinoa, amarant, maralfalfa kimi alternativ yem bitkilərinin təqdimatı keçirilib.
Festivalda yem konteyneri qurğusu vasitəsilə buğda, arpa, həmçinin qarğıdalı bitkisindən əldə olunmuş yaşıl yemin nümayişi keçirilib. Bu mobil konteynerler və stasionar komplekslər 7 gün müddətində toxumluq dəni yaşıl yemə çevirmək qabiliyyətinə malikdir.
Həmçinin tədbirdə yaşıl yem kimi raps bitkisinin becərilməsinin əhəmiyyəti barədə geniş məlumat verilib. Bitki zərərvericilərinə qarşı bioloji mübarizə vasitəsi olan feromon tələləri, axınlı şan tipli bal arısı yeşikləri nümayiş etdirilib, soxulcan gübrəsi istehsalının texnoloji proseslərini aqrar istehsalçılara aşılamaq məqsədilə biohumus gübrəsinin təqdimatı keçirilib. Tədbirdə iştirak edən fermerlər torpaq, su və digər resurslara qənaət etməklə fasiləsiz olaraq ilin bütün fəsilləri üçün yaşıl yem əldə etməyin səmərəliliyi barədə məlumatlandırılıblar.
Festivalın digər regionlarında davam etdiriləcəyi nəzərdə tutulur.