09 Dekabr 2021
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası “Meliorasiya və Su təsərrüfatı” ASC-nin tərəfdaşlığı və "Azərsun Holdinq"in dəstəyi ilə “Smart Suvarma” layihəsinə start verilir.
“Smart Suvarma” layihəsinin məqsədi meliorasiya sisteminin effektiv təşkili, su ehtiyatlarından səmərəli istifadə və müasir suvarma sistemlərinin tətbiqinin təşviq edilməsidir.
Layihə çərçivəsində “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mütəxəssisləri ilə birgə Kürdəmir, Qazax, Füzuli, Beyləqan, Tərtər, Samux və Ağdaş rayonlarına səfərlər təşkil olunacaq və fermerlərlə görüşlər keçiriləcək.
Görüşlərdə fermerlərə müasir dövrdə sudan səmərəli istifadənin təşkili, iqlim dəyişikliyinin kənd təsərrüfatı üçün su ehtiyatlarına təsiri və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün əsas su idarəetmə metodları ilə bağlı təlimlər keçiləcək.
Növbəti mərhələdə fermerlər üçün meliorasiya və su təsərrüfatı üzrə məlumat bazası formalaşdırılacaq və məlumatlandırıcı bukletlər hazırlanaraq qeyd olunan regionlarda fermerlərə və vətandaşlara paylanılacaq.