Image

Goranboy, Tovuz və Şəmkir rayonlarında fermerlərə səyyar xidmət göstərilir

14 Dekabr 2021

EKTİS-də payızlıq əkinlərin bəyanı prosesi davam edir

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə davam edir. Növbəti səyyar xidmət Goranboy, Tovuz və Şəmkir rayonlarının kəndlərində təşkil olunub.

Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTIS) öz payızlıq əkinlərini bəyan edirlər. Bu rayonlarda səyyar qruplar tərəfindən EKTİS-də qeydiyyatdan keçmiş 10000-ə yaxın fermerə səyyar aqrar xidmət göstərilib.

Növbəti aqrar səyyar xidmət Zaqatala, Hacıqabul və Cəlilabad rayonlarının kəndlərində təşkil olunacaq. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd əkin bəyanlarının vaxtında təqdim olunması üçün fermerlərə köməklik göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasına nail olmaqdır.

Qeyd edək ki, indiyə qədər Şəki, Sabirabad, İmişli və Füzuli rayonlarının kəndlərində səyyar aqrar xidmət təşkil olunub. Aqrar Xidmətlər Agentliyində əkin bəyanlarının EKTİS-ə daxil edilməsi üzrə 6 səyyar qrup yaradılıb. Səyyar xidmət müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, surətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.