Image

Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb

15 Dekabr 2021

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən payızlıq əkin mövsümü ilə əlaqədar cari ilin sentyabr ayından etibarən rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə mineral gübrələrin səyyar satışı xidmətinə başlanılıb. Səhmdar Cəmiyyətin bütün regional nümayəndəlikləri və rayon bölmələrinin anbarlarından kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbatına uyğun olaraq mineral gübrələrlə tam təchiz edilib, fermerlərin sərfəli qiymətlərlə gübrələri əldə etməsinə şərait yaradılıb.

Payız əkinləri üçün tələbata uyğun olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın bütün regionlarını əhatə edən səyyar satış zamanı 300-ə yaxın kənd və qəsəbə üzrə səyyar xidmət təşkil edilib ki, belə səyyar xidmətlərdən 2000-ə yaxın fermer yararlanıb. Səyyar satış zamanı fermerlər ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə ediblər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara Səhmdar Cəmiyyətin xidmətlərinə əlçatanlığı, yaxınlığı təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır ki, bu da məhsuldarlığın artmasına müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışına sərf etdikləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət edərək də sifariş ediblər. Sifarişlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilib, bir sıra hallarda isə birbaşa fermerlərin ünvanına çatdırılıb.

Səyyar satış zamanı fermerlər yeni subsidiya qaydalarına əsasən, heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən, mineral gübrənin dəyərinin 100%-i də fermer kartından ödənilir, fermer əlavə ödəniş etmir.

Növbəti aylarda “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mövsümə uyğun yemləmə gübrələrinin də səyyar xidmətlərlə satışı təşkil ediləcəkdir.