30 Dekabr 2021
Azərbaycanda payızlıq əkin sahələrinin şumlanması prosesi başa çatıb. Respublika üzrə ümumilikdə 1 milyon hektardan artıq sahədə şumlanma həyata keçirilib.
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ölkədə taxılçılığın inkişafı və yüksək məhsuldarlığın əldə edilməsi məqsədilə biçin prosesində olduğu kimi əkin mövsümündə də müxtəlif aqrotexniki işlərin yerinə yetirilməsi üçün fermerləri tələbata uyğun texnika ilə təmin edib. Bu il Səhmdar Cəmiyyət tərəfindən traktor, müxtəlif gövdəli kotanlar, gübrə və taxılsəpən və digər aqreqatlardan ibarət ümumilikdə 800-ə yaxın texnika payızlıq əkinlərin həyata keçirilməsi prosesinə cəlb edilib.
Səhmdar Cəmiyyət payızlıq əkinlərin aqrotexniki normalara uyğun becərilməsi üçün kompleks xidmət paketi tətbiq edir. Göstərilən aqrotexniki xidmətlərlə yanaşı mineral gübrələrin səyyar xidmətini təşkil etməklə fermerlər payızlıq əkinlər üçün lazım olan mineral gübrələrlə təmin edilib. Qeyd edək ki, fermerlər mineral gübrələri heç bir ödəniş etmədən “Fermer Kartı” ilə əldə edirlər.
Payızlıq əkinlərin düzgün becərilməsi üçün növbəti mərhələdə “Aqroservis” ASC tərəfindən fevral ayından etibarən yemləmə gübrələrinin – ammonium-nitrat, karbamid gübrələrinin və zərərvericilərə qarşı müxtəlif pestisidlərin səyyar satış xidmətləri həyata keçiriləcək.