Image

Aqrar İnkişaf Könüllülərinin “Aqro Data” layihəsinin açılış mərasimi keçirilib

09 Fevral 2022

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Aqrar Tədqiqatlar Mərkəzi və Elektron Hökumətin İnkişafı Mərkəzinin tərəfdaşlığı  ilə “Aqro Data” layihəsinin açılış mərasimi keçirilib.

Aqrar sahədə ikinci dəfə reallaşdırılan “Aqro Data” layihəsi karantin rejiminin qaydalarına uyğun olaraq ənənəvi formatda həyata keçirilib. Layihənin açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini Soltan Bayramov və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev iştirak ediblər.

Layihə çərçivəsində kənd təsərrüfatı və data analitikası modulları əsasında təlimlər həyata keçirilir. Data analitikasının aqrar sahədə istifadəsi haqqında gənclərin məlumatlandırılması məqsədilə bu sahədə peşəkarlaşmış mütəxəssislər cəlb olunub. Gənclərin əldə etdikləri biliklərin bu sahədə istifadəsinin nümayiş etdirilməsi üçün Bakı şəhəri və regionlarda yerləşən təsərrüfat sahələrinə, istehsalat müəssisələrinə və digər qurumlara səfərləri baş tutacaq.

Həyata keçirilən təlim və səfər nəticəsində gənclərin əldə etdikləri biliklərin yoxlanılması məqsədilə praktiki tapşırıqlar verilir. Belə ki, mütəxəssislər tərəfindən müəyyən olunmuş “case”lər əsasında gənclər tapşırıqlar icra edirlər. Həmçinin komanda quruculuğunun inkişafı məqsədilə iştirakçılar komandalar şəklində tapşırıqların icrasında iştirak edirlər. Layihə sonunda iştirakçılar diplom ilə mükafatlandırılacaq. Layihəni uğurlu başa vurmuş komandaya fərqlənmə sertifikatı və hədiyyə təqdim olunacaq.