22 Aprel 2022
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzi ilə Koreya Respublikasının Kyongbuk Milli Universitetinin (Kyungpook National University) Tequ Gyeongbuk İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzi (Daegu Gyeongbuk International Development Cooperation Center – DG-IDCC) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda Mərkəzlər arasında rəsmi əlaqə yaratmaq niyyəti bəyan edilir, tərəfdaşlıq prinsipləri və gələcək əməkdaşlıq sahələri göstərilir.
Memorandum çərçivəsində nəzərdə tutulan fəaliyyətlərə analitik məlumatların, elmi materialların, nəşrlərin mübadiləsi; tədqiqatçı alimlərin və mütəxəssislərin təcrübə mübadiləsi; müvafiq görüşlərin, konfransların, tanışlıq səfərlərinin təşkili üzrə birgə iş; birgə tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi; peşəkar təhsil və kadrların inkişafı da daxil olmaqla təlim proqramlarında əməkdaşlıq; qarşılıqlı faydalı və məqbul olan digər sahələr və ya proqramlar üzrə əməkdaşlıq daxildir.
Qeyd edək ki, Aqrar Tədqiqatlar Mərkəzinin elmi nəşri olan “Kənd təsərrüfatının iqtisadiyyatı” elmi-praktik jurnalının (www.agroeconomics.az) fəaliyyəti çərçivəsində Hollandiya, Macarıstan, Xorvatiya və Türkiyənin nüfuzlu universitet və mərkəzlərinin alimləri ilə yanaşı Cənubi Koreyanın Seul Universitetinin professoru ilə də əməkdaşlıq edilir.
Aqrar Tədqiqatları Mərkəzinin yaradıldığı 4 ilə yaxın dövr ərzində aqrar sahə üzrə müasir tələblərə uyğun məlumat bazalarının və peşəkar analitik fəaliyyət üzrə potensialın yaradılması istiqamətində işlər uğurla başa çatdırılıb. Hazırda növbəti inkişaf mərhələsi üzrə qarşıya qoyulan əsas vəzifə dünyanın mötəbər elm ocaqları və tanınmış universitetləri ilə əməkdaşlığı genişləndirməklə Mərkəzin aqroekonomiks problemləri üzrə elmi-tədqiqat fəaliyyətinin müasir standartlar səviyyəsinə çatdırılmasıdır. Bu çərçivədə yaxın vaxtlarda İtaliya və Almaniyanın nüfuzlu tədqiqat qurumları ilə də əməkdaşlığa başlanılacaq.