06 May 2022
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfrans çərçivəsində “Rəqəmsal Kənd Təsərrüfatının Sürətləndirilməsi: Çağırışlar, perspektivlər və məlumat bazaları üçün dayanıqlı yollar, onun əlçatanlığı və etik istifadəsi” adlı panel təşkil edilib.
Panel-sessiyanın məruzəçiləri FAO-nun İnformasiya Ofisinin rəhbəri Dejan Jakovljevic, İtaliyanın Kənd təsərrüfatı Tədqiqatları və İqtisadiyyatı Şurasının baş direktoru, Stefano Vaccari, FAO/IAEA-nın Ərzaq və Kənd Təsərrüfatında Nüvə Texnologiyaları üzrə birgə Mərkəzin direktoru Qu Liang, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Macarıstan Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emoke Korzenszky, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə Regional Ofisinin direktoru Natalia Mochu və Keniya Kənd Təsərrüfatının Transformasiya İdarəsinin koordinatoru Thule Lenneiye olub.
Məruzəçilər aqrar sahədə rəqəmsallaşmanın təşviqi və daha geniş istifadəsi ilə bağlı ölkələrinin təcrübələrini bölüşüblər. Azərbaycanın kənd təsərrüfatında məlumat bazalarının yaradılması və istifadəsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə məlumat verib.
Mərkəz rəhbəri əvvəlcə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti, burada yaradılan məlumat bazaları haqda danışıb: “Mərkəz 5 istiqamət - məlumat bazalarının yaradılması, analitika, monitorinq və qiymətləndirmə, aqroekonimks üzrə elmi tədqiqatlar və doktorantura təhsili üzrə fəaliyyət göstərir. Mərkəz tərəfindən idarə olunan ən böyük məlumat bazalarından biri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemidir (E-agro). E-agro bazasında ölkədə fəaliyyət göstərən bütün fermerlər haqqında məlumat mövcuddur. Həmçinin E-agro bazasında gübrə, pestisid, toxum və kənd təsərrüfatı texnikası təchizatçıları, habelə soyuducu anbarlar və taxıl elevatorları qeydiyyata alınıb”.
F. Fikrətzadə qeyd edib ki, Mərkəzdə kənd təsərrüfatı məhsullarının qiymət bazası olan aqrarbazar.az portalı fəaliyyət göstərir: “Bu bazada bütün kənd təsərrüfatı məhsullarının sahədənsatış, topdan və pərakəndə satış qiymətləri toplanır. Qiymətlər gündəlik və həftəlik olaraq yenilənir. Portal ictimaiyyətə açıqdır”.
Daha sonra Mərkəz rəhbəri bildirib ki, MDB məkanında ilk dəfə Azərbaycanda Avropa Birliyinin FADN (Farm Accountancy Data Network) sisteminin metodologiyası əsasında Farm Data Monitoring System (FDMS) qurulub: “Bu məlumat bazası fermerlərin fəaliyyəti ilə bağlı birbaşa onların özlərindən toplanan məlumatlar əsasında formalaşır. FDMS çərçivəsində hər il 3500-4000 fermer arasında sorğu keçirilir, toplanmış sorğu məlumatları birbaşa olaraq Aqrar Tədqiqatlar Mərkəzinin elektron bazasına daxil edilir”.
Direktor bildirib ki, həmçinin Mərkəzdə mütəmadi olaraq fermerlərin resurslara əlçatanlığı və bazara çıxışı, eləcə də müxtəlif dəyər zəncirləri üzrə sorğular aparılır: “Sorğular CATI və CAPI sistemi ilə həyata keçirilir. Bu sistem sorğuların şəffaflığını və keyfiyyətini təmin edir, tədqiqat etikası standartları çərçivəsində keçirilməsinə imkan verir”.
F. Fikrətzadə çıxışının ikinci hissəsində məlumat bazalarının aqrar sahənin inkişafında rolundan və əhəmiyyətindən danışıb. Vurğulayıb ki, məlumat bazaları həm aqrar sahənin idarə edilməsinin yeni çağırışlar əsasında müasir tələblər səviyyəsində qurulmasında, düzgün siyasət qərarlarının verilməsində, dövlət dəstəyinin daha çevik və daha keyfiyyətli şəkildə çatdırılması üçün yeni mexanizmlərin hazırlanmasında, aqrar xidmətlərin elektronlaşdırılması baxımından kənd təsərrüfatının rəqəmsallaşdırılması yönündə əhəmiyyətli yer tutur, həm də fermerlərin səmərəli fəaliyyəti üçün əlverişli mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır.