10 İyun 2022
Kənd Təsərrüfatı Nazirliyinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə partnyorluq çərçivəsində həyata keçirdiyi Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması (ECOserve) proqramı üzrə görülmüş işlərin hesabat iclası keçirilib.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri və işçi qrupun rəhbəri Firidun Tağıyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GMBH) Azərbaycan üzrə ölkə direktoru Karin Hörhan, Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin iqtisadiyyat, mədəniyyət və mətbuat işləri üzrə nümayəndəsi Zübeyde Oyan, ECOserve proqramının Azərbaycan üzrə heyət rəhbəri Stephan Kroel, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və aparıcı mütəxəssisləri iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən İlhamə Qədimova hazırda respublikada aqrar sektorda aparılan yeniliklər haqda geniş məlumat verib. Nazir müavini GİZ təşkilatının “ECOserve” proqramı tərəfindən icra olunan işləri təqdirəlayiq qiymətləndirib və bu sahədə Kənd Təsərrüfatı Nazirliyinə göstərilən dəstəyə görə təşəkkür edib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə ölkə direktoru Karin Hörhan öz növbəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birgə “ECOserve” proqramı çərçivəsində sıx əməkdaşlıqdan məmnun olduğunu bildirib və gələcəkdə bu əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.
Daha sonra iclas iştirakçıları “ECOserve” proqramının Azərbaycanda həyata keçirdiyi layihələrlə bağlı təqdimatlarla tanış olublar. Qeyd olunub ki, “ECOserve” proqramı çərçivəsində icra olunan fəaliyyətlər qərar qəbuledicilər üçün məlumatların toplanması və təhlilinin təkmilləşdirilməsi, dayanıqlılığın təmin edilməsi üçün hüquqi bazanın gücləndirilməsi, Qabaqcıl Aqrar Praktikaların (QAP) pilot sahələrdə tətbiqi, ətraf mühit üzrə təlim və maarifləndirmə işlərinin aparılması və innovasiya müsabiqələrinin təşkilindən ibarət olub.
Tədbirin sonunda “ECOserve” proqramı çərçivəsində görülən işlərin uğurlu olduğu vurğulanıb və gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi təklif olunub.