Image

Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib

24 İyun 2022

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağstafa rayonunda növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Ağstafa Aqrar Sənaye Kompleksində keçirilən festivalda Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri, alimlər, fermerlər, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, aqrar sahədə fəaliyyət göstərən yerli  şirkətlərin nümayəndələri iştirak ediblər.

Aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalarını nümayiş etdirib.

Festival zamanı ölkədə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, eləcə də təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları panel müzakirəsində bölüşüblər. Həmçinin, festivalda aqrar innovasiya platforması vasitəsilə təqdimatı keçirilmiş icrası bitən “İri buynuzlu heyvanların nodulyar dermatit xəstəliyinin immunoterapiyası üçün toyuq yumurtası sarısından alınmış Y immunoglobulinlərin viruslara qarşı xüsusiyyətlərinin öyrənilməsi və spesifik immunoglobulin preparatının hazırlanması”, “Yem kalkulyatoru”, “Azolla”, “Kinoa”, “Amarant”, “Maralfalfa”, “Soxulcan gübrəsi istehsalı” layihələrinin geniş kütləyə təqdimatı keçirilib.

Bununla yanaşı, festivalda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşəbbüsü ilə “İxraca hazırlıq diaqnostikası, brendləşmə və məhsul strategiyasının hazırlanması” təlimi və “Peyk sistemi əsasında nəqliyyatın monitorinqi” mövzularında məlumat sessiyaları keçirilib.