29 İyul 2022
Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı ilə keçirilən “Aqro-Mən” müsabiqəsinin qalibləri məlum olub. Müsabiqə çərçivəsində daxil olan layihə təkliflərinin qiymətləndirilməsi məqsədilə görüş keçirilib.
Qiymətləndirmə zamanı müraciət edən şəxslərin biznes planlarının aqrar məşğulluğa, ətraf mühitə və ərzaq təhlükəsizliyinə töhfəsi, layihənin innovativliyi və davamlılığı, habelə biznes ideyasının reallaşdırılması üçün zəruri olan bilik-bacarıq, təcrübə, texniki və maliyyə resurslarının mövcud vəziyyəti barədə meyarlar nəzərə alınıb.
“Aqro-Mən” müsabiqəsinə ümumilikdə 59 nəfər müraciət edib və onların arasından komissiya tərəfindən mərhələli ekspertiza və qiymətləndirmə aparılaraq müvafiq meyarlar üzrə uğurlu nəticələr əldə etmiş 5 nəfər qalib müəyyən edilib.
Onlar fəaliyyəti istiqaməti Hacıbala Hacıyevin aqrokimyəvi analizlərin aparılmasının təkmilləşdirilməsi, Rafiq İmanovun yem istehsalı, İlkin Əliyevin toxumçuluq, Sərxan Hacıyevin arıçılıq və Babək Bayramovun heyvandarlığın inkişafı ilə bağlı layihələri müsabiqədə qalib elan edilib. Qeyd edək ki, qaliblər zəruri müvafiq aktivlərlə (alət və avadanlıq) təmin ediləcəklər.
Xatırladaq ki, “Aqro-Mən” müsabiqəsi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilib. Müsabiqənin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına dəstək olmaq, aqraryönümlü, innovativ biznes təşəbbüslərini üzə çıxarmaqdır.