30 Avqust 2022
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə icra etdiyi “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (ECOserve) proqramı çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi ilə əməkdaşlığa başlayıb.
Əməkdaşlığın əsas məqsədi aqrar məsləhətçilərin və fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkil edilməsi və fermerlərin sahə fəaliyyətlərində məsləhət xidmətlərinin göstərilməsidir.
Bu məqsədlə layihənin fəaliyyət planına uyğun olaraq Kürdəmir, Ucar, Zərdab, Göyçay və Sabirabad rayonlarında “Zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin aparılması” və “Qabaqcıl aqrar praktikalar” mövzularında aqrar məsləhətçilər və fermerlər üçün ümumilikdə 15 təlim keçirilib. Təlim iştirakçılarına əsasən, buğda, arpa və pambıq bitkilərinin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpağın becərilmə üsulları və uyğun texnikalardan istifadə, torpaq analizi və onun əsasında gübrə normalarının təyin edilməsi, növbəli əkin və agroekoloji tədbirlər mövzularında ətraflı məlumatlar verilib, fermerləri maraqlandıran suallar cavablandırılıb və informasiya materialları paylanılıb.
Tədbirin yekununda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri və Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin əməkdaşlarının iştirakı ilə təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.