Image

Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək

26 Sentyabr 2022

Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək. Embrion transferi tətbiqini əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Bu məqsədlə Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzinə 35 baş “Simmental” cinsindən düyələr gətirilib. Oktyabr ayından başlayaraq düyələrə Almaniyanın “Bayenr genetik” şirkətində istehsal olunan embrionların köçürülməsinə başlanacaq.

Embrion transferi prosesini həyata keçirəcək Respublika Süni Mayalanma Mərkəzinin 10 mütəxəssisi Almaniyada müvafiq kurslarda iştirak ediblər.

Qeyd edək ki, embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı səbəbi ilə embrion transferinə tələbin formalaşmaması idi.

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, son illər Azərbaycanda böyük südçülük təsərrüfatlarının yaradılması, təsərrüfatlarda rasional, müasir idarəetmə üsullarının tətbiqi embrion transferinə marağı artırıb: “Bu üsulun tətbiqi təcrübəsi göstərir ki, məhsuldar cinslərin baş sayının artırılması təsərrüfatların rentabelliyini yüksəldir, ət və süd məhsullarının qiymətinin ucuzlaşmasına səbəb olur, məşğulluq və istehsal prosesinə əhəmiyyətli töhfə verir.

Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır”.