Image

Azərbaycan və Türkiyənin aqrar sahədə fəaliyyət göstərən həmkarlar təşkilatları arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb

03 Oktyabr 2022

Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqının Nümayəndələri Azərbaycanda işgüzar səfərdədir. Səfər çərçivəsində Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqının sədri Ahmet Demirçinin rəhbərlik etdiyi nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi ilə görüşüb.

Görüşdə iki ölkənin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqları arasında əməkdaşlıq imkanları müzakirə edilib. Tədbirdə Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqı və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Daha sonra Ahmet Demirçi Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rafail Quliyevlə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.

Türkiyə nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub, qonaqlara institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, institutda qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun mövzular ətrafında elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.