Image

Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

17 Sentyabr 2019

Samux rayonunda Kənd Təsərrüfatı Nazirliyinin aqrar biznes sahəsində dəyər zəncirlərinin inkişafı məqsədi ilə dəstəklədiyi ilk dəyər zənciri layihələrinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, nazirliyin müvafiq strukturlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə rayonun Çobanabdallı kəndində Tərəvəz Toxumu Emalı Müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Samuxda fəaliyyətə başlayan ilk aqrobiznes dəyər zənciri layihələrinin hər birində 20-dək fermerlə emalçının tərəfdaşlığı nəzərdə tutulub. Bu layihələr təkcə rayon fermerləri və onların məhsullarının istehlakçıları üçün deyil, ölkə üçün böyük əhəmiyyət daşıyır.

“Tarladan süfrəyə” prinsipi ilə qurulmuş, istehsalçı-emalçı-satıcı-istehlakçı əlaqələrinin fasiləsiz təmini məqsədi daşıyan dəyər zənciri layihələri nazirliyin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində maliyyələşdirilir.

Aqrar Kredit və İnkişaf Agentiyinin sədri Mirzə Əliyev bildirib ki, dəyər zənciri layihələri Azərbaycan dövlətinin aqrar biznesə investisiyasıdır. Layihənin dəyərinin tam yarısını dövlət maliyyələşdirib və bu vəsait dəyər zəncirinin zəif halqalarının qurulmasına və möhkəmləndirilməsinə yönəldilib. Layihə çərçivəsində fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalı üçün müasir və innovativ avadanlıqlar almalarına, sahələrinin lazım olan su və aqrotexniki qulluq vasitələri ilə təmin olunmasına, emal etdikləri məhsulu qablaşdıraraq bazara çıxarmalarına dəstək verilir.

“Samux rayonunda tərəvəz toxumçuluğunun inkişafı” layihəsi rayonun bir neçə kəndinin əhalisinin əsas məşğuliyyəti olan toxumçuluğun müasir tələblərə və standartlara uyğun təşkilini, ölkə fermerlərini yüksək keyfiyyətli yerli tərəvəz toxumları ilə təmin etməyi, “Made in Azerbaijan” nişanı ilə tərəvəz toxumlarının ixrac edilməsini nəzərdə tutur. Çobanabdallı kəndində ən müasir avadanlıqlar əsasında qurulmuş tərəvəz toxumları emalı və qablaşdırılması müəssisəsi il ərzində 300 ton toxum emalını planlaşdırır.

Layihəyə cəlb olunan toxumçularla görüşən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, məhsuldarlığı artırmaq üçün fermerləri keyfiyyətli toxumla təmin etmək ən vacib şərtlərdəndir. Bununla yanaşı, fermerlər də arqotexniki qaydalara düzgün riayət etməlidir: “Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Fermerlərin keyfiyyətli toxumlarla təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyev tərəfindən yeni subsidiya qaydaları təsdiqlənib. Yeni subsidiya qaydalarında həm tərəvəz, həm də toxumçuluq sahəsi üzrə subsidiyalar nəzərdə tutulub”.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev toxum emalı müəssisəsinin fəaliyyətə başlamasını iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addım adlandırıb. İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, yeni müəssisənin imkanlarından digər rayonlarda fəaliyyət göstərən toxumçular da faydalana biləcək.

Toxumçu fermerlər bu sahənin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər, onların təklifləri qeydə alınıb.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib. Bildirilib ki, bu layihənin yekun məhsulu olan kişmişin istehsalı həm idxalı əvəzləmək, həm də ixraca yönləndirilmək məqsədi daşıyır. Yerli fermerlərin yetişdirdikləri kişmiş sortundan olan üzüm ən müasir üsullarla qurudularaq, qablaşdırılacaq və satışa yönləndiriləcək. Müəssisədə emal olunan kişmişin üstünlüyü onun ənənəvi üsullu qələvi və kükürdlə deyil, ozon üsulu ilə emal edilməsindədir. Nəticədə həm yerli, həm də xarici istehlakçılar orqanik, sağlam məhsulla təmin ediləcək. Müəssisənin illik istehsal gücü 250 tondan artıqdır.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi 22 aqrobiznes dəyər zənciri yaratmağı nəzərdə tutur.