10 Oktyabr 2022
Bakıda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclası keçirilib.
İclasdan əvvəl hökumətlərarası komissiyanın həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Moldova tərəfindən həmsədri, baş nazirin müavini, regional inkişaf və infrastruktur naziri Andrey Spinunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub. Görüşdə Moldova ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları geniş müzakirə olunub.
Daha sonra Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclası öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri İnam Kərimov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir moldovalı sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb: “İqtisadi potensialımızı nəzərə alaraq ticarət əlaqələrimizin şaxələndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına bundan sonra da çalışmalıyıq. Bu baxımdan təşkil olunan birgə biznes forumlar, o cümlədən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak işgüzar dairələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dəniz limanları, dəmir yolu rabitəsi, hava limanları və avtomobil yolları, müasir nəqliyyat infrastrukturu bizə səmərəli ticarət əlaqələrimizi artırmaq üçün böyük üstünlüklər verir”.
Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Andrey Spinu Moldovanın Azərbaycanla dost ölkə olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. İki ölkə arasında iqtisadi, eləcə də kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, aqrar sahədə müasir texnologiyaların transferi, müştərək elmi tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.
Daha sonra iştirakçılar Azərbaycan-Moldova birgə hökumətlərarası komissiyasının 26 aprel 2012-ci ildə keçirilmiş 3-cü iclasında qəbul olunmuş qərarların icra vəziyyətini müzakirə edib, bu istiqamətdə mühüm işlərin görüldüyünü bildiriblər.
Tədbirin sonunda Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənəd iki ölkə arasında ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, regional inkişaf və tikinti, elmi-texniki və humanitar, əmək və sosial sfera, qida təhlükəsizliyi, turizm, gömrük, nəqliyyat və İKT, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.