11 Oktyabr 2022
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində qadın fermerlərə göstərilən dəstək tədbirləri davam edir.
Layihə çərçivəsində qadın fermerlərlə növbəti görüş Beyləqan rayonunda baş tutub. Görüşdə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Beyləqan Rayon İcra Hakimiyyətinin nümayəndələri və AFAQ layihəsinə qoşulmuş qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər AFAQ layihəsinin qadın fermerlərin fəaliyyəti ilə yanaşı, ümumilikdə kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verdiyini vurğulayıblar. Layihə çərçivəsində göstərilən tədbirlər aqrar sektorda çalışan qadınların sayını artırır və ailə təsərrüfatlarının inkişafına təkan verir.
Layihənin budəfəki dəstək tədbirindən Beyləqan rayonunun Birinci Aşıqlı kəndindən olan və layihə mərhələlərini uğurla tamamlayan 22 qadın fermer faydalanıb.
Qadın fermerlər əvvəlcədən aparılan qiymətləndirmə sorğularına əsasən təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (dənüyüdən avadanlıq, otdoğrayan avadanlıq, inkubator, seperator, meyvəqurudan avadanlıq və s.) ilə təmin olunublar. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.
Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 174 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 136 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.